Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Hacıyev/
İşdə yol verdiyi nöqsanlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMN) Yardımlı rayon şöbəsinin müdiri işdən azad edilib. ƏƏMN-dən cümə günü Trend-ə verilən məlumata görə, ayrı-ayrı əməkdaşlar haqqında intizam tədbirləri görülüb və belə tədbirlər bundan sonra da davam etdiriləcək.
ƏƏMN-in məlumatında o da qeyd olunub ki, nazirliyin 3 fevral 2011-ci il tarixli əmrinə uyğun olaraq, əhaliyə xidmətin göstərilməsi və vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyətin daha da dərindən araşdırılması məqsədilə fevralın 11-də Masallı rayonunda Nazirliyin ölkənin cənub bölgəsində yerləşən 8 rayonu üzrə yerli strukturlarının iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlərdən söz açılaraq, eyni zamanda yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb.
Bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir. Nazirlik tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə daim diqqət və nəzarət göstərilir və fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar haqqında ciddi tədbirlər görülür.
Müşavirədə yerli strukturların məsul şəxslərinə bu sahədə ciddi dönüş yaradılması sosial müdafiə tədbirlərinin təşkilində şəffaflıq, ünvanlılıq, ədalətlilik prinsiplərinə ciddi riayət olunması, habelə aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması işinin daha effektli təşkili məqsədilə strukturlar arasında fəaliyyətin əlaqəli şəkildə qurulması, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə ciddi tağşırıqlar verilib.