Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birlyinin birgə təşəbbüsü ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində keçirilən tədbirlərə Nikolayev şəhərində start verilib. Bu barədə çərşənbə axşamı Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat veriblər.
Nikolayev şəhərinin mərkəzi küçə və meydanlarında Xocalı soyqrımını özündə əks etdirən foto informasiya bukletlərini paylayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları yerli əhaliyə Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verməklə gün ərzində ictimaiyyətin diqqətini erməni vəhşiliyinə yönləndiblər. Şəhərin Aleksandrovsk media mərkəzində Xocalı qurbanlarının xatirəsini yad edən Nikolayev dövlət administrasiyasının rəsmiləri, Azərbaycan və bir sıra xalqların diaspor fəalları, televiziya və KİV nümayəndələri Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə hazırladığı "Qarabağ tarixin burulğanında" sənədli filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqrım və işğalçılıq siyasəti ilə tanış olublar.
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Xocalıya ədalət konpaniyası çərçivəsində keçirilən silsilə tədbirlər fevralın sonunadək Ukraynanın bir çox şəhərlərində davam edəcək.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.