Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda qarlı və şaxtalı hava şəraiti respublika əhəmiyyətli yollarda nəqliyyatın hərəkətinə ciddi təsir etməyib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, respublika əhəmiyyətli bütün yollar açıqdır və nəqliyyatın hərəkətində problemlər yaranmayıb.
Əliyev İsmayıllı-Muğanlı yolunun bəzi hissəslərində yolun buz bağladığını və bu ərazilərdə avtomobillərin hərəkətində müəyyən problemlərin yarandığını deyib.
Şöbə rəisi bu ərazidəki yolun bağlanmadığını, hərəkətin davam etdiyini bildirib.
Əliyev ötən gün ərzində Bakıda yol nəqliyyat hadisəsinin qeydə alınmadığını, respublika əhəmiyyətli yollarda isə Şəmkir ərazisində 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının baş verdiyini əlavə edib.
İdarə rəsmisi sürücülərdən və yol hərəkəti iştirakçılarından qarlı və şaxtalı hava şəraitində ehtiyatlı olmağı, sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edib.
Fevralın 15-dən başlayaraq Azərbaycan ərazisində qarlı hava şəraiti hökm sürür.