...

Azərbaycan daxili işlər orqanlarında xidmətdə olanların 3,5 faizini qadınlar təşkil edir - DİN

Cəmiyyət Materials 8 Mart 2011 10:51 (UTC +04:00)
Azərbaycan daxili işlər orqanlarında xidmətdə olanların 3,5 faizini qadınlar təşkil edir
Azərbaycan daxili işlər orqanlarında xidmətdə olanların 3,5 faizini qadınlar təşkil edir - DİN

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan daxili işlər orqanlarında xidmətdə olanların 3,5 faizini qadınlar təşkil edir. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətiondən məlumat verilib.

Azərbaycan qanunvericiliyi qadınların polisdə işləməsinə heç bir qadağa qoymur. Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamədə qeyd olunur ki, daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə, bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Məlumata görə, daxili işlər orqanlarının xanım əməkdaşları, əsasən, katiblik, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, mətbuat təhqiqatı, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, "102" və "təhlükəsiz şəhər" xidmətləri istiqamətində xidmət aparırlar.

Bu sistemdə pasport, maliyyə, tibb, statistika, kadr, mətbuat xidmətləri və təhsil sahəsi üzrə rəhbər vəzifələrdə, ümumilikdə, 22 xanım əməkdaş xidmət edir.

Daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşlar tutduqları vəzifələr üzrə müəyyən edilmiş funksional vəzifə bölgüsünə əsasən, qərar qəbulu prosesində iştirak etmək, təkliflər vermək səlahiyyətlərinə malikdirlər.

Nazirlikdən bildirilib ki, daxili işlər orqanlarında gender bərabərliyinin təmin olunması istiqamətində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı rəhbər tutaraq, DİN sistemində qadın məsələləri üzrə rəis köməkçisi vəzifəsi fəaliyyət göstərir.

Bu orqanlarda xidmətə qəbul cinsi əlamətlərə fərq qoyulmadan müvafiq normativ hüquqi aktların tələblərinə əsasən müsabiqə yolu ilə həyata keçirilir.

Məlumata görə, SSRİ dövründə Azərbaycanda 15 nəfər polis qadın olub. Onlardan ikisi azərbaycanlı, digərləri isə rus və tatar olublar.

Xəbər lenti

Xəbər lenti