...

Strasburqda "Azərbaycan 20- Baxış 2020" adlı ASAİF forumunun 2-ci günü keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2011 16:37 (UTC +04:00)
"Azərbaycan 20- Baxış 2020" adlı ASAİF forumunun 2-ci günü gənclərlə olan ünsiyyətə, müxtəlif ideyaların müzakirəsinə həsr olunub.
Strasburqda "Azərbaycan 20- Baxış 2020" adlı ASAİF forumunun 2-ci günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 mart/Trend/

"Azərbaycan 20- Baxış 2020" adlı ASAİF forumunun 2-ci günü gənclərlə olan ünsiyyətə, müxtəlif ideyaların müzakirəsinə həsr olunub. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbaut xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Forum 4 paneldən ibarət idi.

1-ci panel- "Şəbəkələşmə və Azərbaycanın inkişafı üçün yeni üsulların tətbiqi"

2-ci panel- "İnsan kapitalı əsas məqsəd kimi"

3-cü panel- "Gənclik və ictimai diplomatiya"

4-cü panel- "Azərbaycançılıq- gələcək üçün birlik"

4-cü panelin rəhbəri Gənclər və idman naziri Azad Rəhimov, panelin moderatoru Azərbaycan Respublikasının Prezident Administrasiyasının baş məsləhətçisi Fərhad Məmmədov, panelin qonaqları NOVCO şirkətlər qrupunun prezidenti Fərid Novruzi, BMT-nin Azərbaycanda narkotiklərlə mübarizə üzrə koordinatoru Məzahir Əfəndiyev, Xəzər Universitetinin prezidenti Hamlet İsaxanlı və digərləri idi.

Gənclər İdman Naziri Azad Rəhimov ilk növbədə gəncləri salamlayıb, onlara paneldə aktiv iştiraklarına görə təşəkkürünü bildirdi. Azad Rəhimov: "Bizim, Müstəqillik adlı ideyamız var idi. Biz ona da nail olduq. Müstəqilliyi ölkəmiz 2 dəfə qazandı. Ötən əsrin 20-ci illərində və 20 il bundan əvvəl. Bəs sonra? Bu əsas sualdır."

Azad Rəhimov gənclərin Azərbaycan idealogiyası ətrafında sıx birləşməli olduqlarını bildirib,onları ölkəmizin birliyi, yeni ideyaları uğrunda daim mübariz olmaga çağırdı. Nazir qeyd etdi ki, Azərbaycanımızın musiqisi, mətbəxi, ədəbiyyatı, tarixi çox dərin və zəngindir. Siz bu diyarı məhz dəyərləri ilə tanıda bilərsiniz deyə Azad Rəhimov gənclərə müraciət etdi. Nazir xaricdə təhsil alan hər bir gəncin ölkəsinə yenilik gətirə, onu daha da ucalda, tanıda biləcəyini bildirdi.

Nazir müzakirələrdən öncə sözü panelin moderatoru Azərbaycan Respublikasının Prezident Administrasiyasının baş məsləhətçisi Fərhad Məmmədova verdi. Moderator öz çıxışında əsasən millətçilik anlayışının göstəricilərindən danışıb, Azərbaycan idealogiyasının müxtəlif tarixi dövrlərə sığınan inkişaf mərhələləsindən söz açdı. Fərhad Məmmədov: "Ulu öndər Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycanı 15-ci sıradan ilk beşliyə gətirməyi özünə məqsəd qoymuşdu. O bunu etdi. Çünki, Azərbaycanı daim öndə, milləti daim birgə görmək istəyirdi."

Daha sonra söz panelin qonağı Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıya verildi. O da öz növbəsində Azərbaycan birliyini, Azərbaycançılığı öz əsərlərində daim tərənnüm edən ədəbiyyatımızdan və tarixi yazarlarımızın bu mövzuda apardığı mübarizədən danışdı.

Hamlet İsaxanlı: "Azərbaycanı müəyyən edən ən böyük göstəricilərdən biri onun özünə məxsus mədəniyyətidir. Bu mədəniyyət heç kəsə bənzəmir. Xalqımızı müəyyən edən əlamətlərdən biri bizim tariximiz, ədəbiyyatımız, təbiətimizdir. Harada olmalarından asılı olmayaraq gənclərimiz Azərbaycan dəyərləri üçün darıxmalıdır."

"Azərbaycançılıq idealoqiyası ilə bağlı fikirlərin müzakrəsindən söz düşərkən mən Ulu öndər Heydər Əliyevin atdığı böyük addımı xatırlayıram. Məhz Heydər Əliyev hakimiyyəti dövründə alimləri , ziyalıları bir araya toplayıb mövzunu müzakirə etdi. Sonda Ulu öndər gözəl bir fikir səsləndirdi. Heydər Əliyev qeyd etdi ki, Azərbaycan dilinin kökü türk dili ilə bağlıdır, Azərbaycan tarixində farslar, ərəblər var. Amma Heydər Əliyev bir şeyi unutmamağı məsləhət gördü. O da, Azərbaycan dilinin və Azərbaycan millətinin vahidliyidir. " BMT-nin Azərbaycanda narkotiklərlə mübarizə üzrə koordinatoru Məzahir Əfəndiyev çıxışını məhz bu sözlərlə başladı. Qonaq, gənclərin Azərbaycanı tanıtması istiqamətində tarixlərini, dillərini gözəl bilməli olduqlarını xüsusi olaraq vurğuladı.

Daha sonra panel gənclərin suallarının cavablandırılması ilə davam etdi. İlk sual Azərbaycan Ermənistan konflikti ilə bağlı idi. Sual: "Torpaqlar geri alınandan sonra qeyd edilir ki, Qarabağ Erməniləri Azərbaycan torpağında yaşayacaq. Əgər biz xaricdə erməni gördüyümüz zaman salamlaşmağa belə əziyyət çəkiriksə, qeyd edilənlər baş verəcəyi halda nə ola bilər?"

Bu suala ilk olaraq Hamlet İsaxanlı cavab verdi. O qeyd etdi ki, tarix boyu daim xalqlar arasında konfliktlər olub. Hamlet İsaxanlı: "Azərbaycan və Ermənistan arasında ilk müharibə deyil. Mümkündür ki, bir gün olacaq ki, Azərbaycan və Ermənistan arasında sərhədlər açılacaq və bu hala da öyrəşiləcək. Əsas məsələ qalib olaraq bu sərhədləri açmaqdır."

Azad Rəhimov: "Təbii ki, ermənilərin bir qismi sözün əsl mənasında həbs edilməli, məhkəməyə verilməlidir. Digər insanılar isə adi vətəndaşlardır. Bizlər üçün erməni böyük düşməndir. Özünüz də bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin sülh yolu ilə həllinə can atır. Müharibə başladığı andan dünyaya gələn və bu gün artıq böyümüş gənclər necə erməni , eləcə də Azərbaycan tərəfindən bir birinə düşmən kimi baxır, düşmən kimi yaşayır. Əsas məsələ əgər sərhədlər açılarsa, gənclərin bir birinə münasibətidir. Onların bir-birinə hücüm etməməlidir. Amma, nə baş verməsindən asılı olmayaraq siz gənclər tarixi və xalqımızın başına gələnləri unutmamalısınız. "

Panelin ilk hissəsi Azərbaycan dilinin gənclər arasında daha çox sevilməsi, Azərbaycan tarixinin daha çox tanınmasının müzakirəsi ilə bitdi.

Panelin ikinci hissəsi panel iştirakçıları ilə tələbələrin müxtəlifıf mövzularda müzikirəsi ilə davam etdirildi.

Xəbər lenti

Xəbər lenti