...

Martda Kür çayında suyun sərfi artıb

Cəmiyyət Materials 25 Mart 2011 13:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Martda Kür çayında suyun sərfi artıb

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə cümə günü Trend-ə ETSN-nin mətbuat xidmətindən məlumat veriblər.

Mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən saniyədə 231 kubmetr artaraq 387 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 262 kubmetr olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-6,17 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti