...

Azərbaycanlı gənc Avropa Gənclər Forumunun eksperti seçilib

Cəmiyyət Materials 31 Mart 2011 11:29 (UTC +04:00)
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Mikayıl Zeynalov 2011-2012-ci illər üçün Avropa Gənclər Forumunun Şərqi Avropa və Qafqaz ölkələri üzrə eksperti seçilib.
Azərbaycanlı gənc Avropa Gənclər Forumunun eksperti seçilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Mikayıl Zeynalov 2011-2012-ci illər üçün Avropa Gənclər Forumunun Şərqi Avropa və Qafqaz ölkələri üzrə eksperti seçilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Mikayıl Zeynalov Azərbaycan, Rusiya, Moldova, Gürcüstan, Ermənistan, Belarusiya və Ukraynada olan gənclər təşkilatlarını Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları ilə əlaqələndirmək üçün məsul işçi qrupda çalışacaq. Sözügedən ölkələrdə olan gənclər təşkilatlarının milli şuralarının üzvləri ilə işləmək və əməkdaşlığı genişləndirmək də onun vəzifələrinə daxildir.

Zeynalovun bu vəzifəyə namizədliyi Avropa Gənclərin Mübadilə və Anlaşma Şəbəkəsi tərəfindən irəli sürülüb. Mikayıl Zeynalov 2006-2010-cu illər ərzində bu şəbəkənin idarə heyətinin üzvü, sonra isə vitse-prezidenti olub.

Avropa Gənclər Forumu 1996-ci ildə yaradılıb. Hazırda 99 üzvü var, bunun 39-u milli şura, 60-ı isə beynəlxalq gənclər təşkilatlarıdır. Avropa Gənclər Forumu qitədə yerləşən gənclər təşkilatları milli şuralarının və beynəlxalq gənclər təşkilatlarının birləşdiyi ən böyük platformadır. Bu təşkilat Avropa İttifaqı, Avropa Şurası və BMT kimi təşkilatların rəsmi tərəfdaşıdır və onların vasitəsilə Avropada gənclərin fəallığı, gənclər siyasəti və gənclər işinin inkişafında gənclərin iştirakı üçün çalışır.

Zeynalov bu imkandan istifadə edərək, gənclərimizin Avropada daha geniş təmsil olunması və Azərbaycanın gənclər təşkilatları ilə Avropa gənclər qurumlarının əməkdaşlıqlarının genişləndirilməsi üçün çalışacağını bildirib.

Xəbər lenti

Xəbər lenti