Azərbaycan, Bakı, 7 may /Trend/
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə şəhərin mərkəzi kitabxanasına baş çəkib.
Baş konsul kitabxanaya 20 cild kitab hədiyyə edib. Baş çəkmə zamanı Əlizadə Azərbaycanla İran arasında mədəniyyət əlaqələrinin gücləndirilməsinin zərurətini vurğulayıb.
Şərqi Azərbaycan əyalətinin İslam irşad və mədəniyyət idarəsinin direktoru Əli Danəndə kitabxananın fəaliyyəti haqqında baş konsula məlumat verib. Danəndə bildirib ki, kitabxananın nəzdində Azərbaycanın nailiyyət qazanmış şəxslərinə həsr olunmuş daimi sərgi fəaliyyət göstərir.
Təbrizin mərkəzi kitabxanası 1956-cı ildə təsis olunub. Hazırda kitabxanada 500 min cild kitab və 100 mindən çox müxtəlif nəşriyyə saxlanılır.