...

Azərbaycan Xəzər akvatoriyasının təmizlənməsini həyata keçirir

Cəmiyyət Materials 20 May 2011 17:40 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər akvatoriyasının təmizlənməsini həyata keçirir.
Azərbaycan Xəzər akvatoriyasının təmizlənməsini həyata keçirir

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər akvatoriyasının təmizlənməsini həyata keçirir.

Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətindən cümə günü bildirilib ki, Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına yönəldilmiş tədbirlər çərçivəsində yarımadanın çirkab sulardan təmizlənməsi prosesi davam etdirilir. Nazirlik tərəfindən Xəzər dənizinin Abşeron yarımadası akvatoriyasında quraşdırılmış 17 ədəd çirkab sutəmizləyici qurğu vasitəsilə dənizə axıdılan çirkab su mənbələri təmizlənir, eyni zamanda, təmizlənmə arealı genişləndirilir.

Təmizlənmə prosesinin davamlı olması və səmərəliliyin artırılması məqsədilə ETSN tərəfindən daim daha keyfiyyətli çirkab sutəmizləyici qurğuların alınmasına üstünlük verilir. Mərdəkan qəsəbəsi "Qızıl Qum" istirahət zonası yaxınlığında quraşdırılan modul tipli bioloji təmizləmə qurğusu vasitəsilə həmin ərazidə 64 min kvadratmetr bataqlıq sahə çirkab sulardan təmizlənib və bununla da ərazinin təmizlənməsi başa çatıb.

Həmçinin, bu qurğunun yeri dəyişdirilərək, Sumqayıt sahil zolağındakı 4 axar üzərində quraşdırılaraq istismara verilib.

Sözügedən axarlar vasitəsilə axıdılan çirkab suların yığılması üçün daxili imkanlar hesabına çirkab su anbarı tikilib və bu anbardan qurğuya boru xətləri çəkilib. Qurğu elektrikötürücü xətlərlə təchiz olunub, dənizə 30 m uzunluğunda çıxış xətti çəkilib, çirkab su anbarına və qurğunun içərisinə nasoslar qoyulub, hava kompressoru tənzimlənib.

Xəbər lenti

Xəbər lenti