Azərbaycan, Bakı, 24 may /Trend,/
Azərbaycan hökuməti elektron qaydada verilən viza blankının təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə qərar verib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən çərşənbə axşamı bildirilib.
Qərar "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan qanununda dəyişikliklərin tətbiqinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.
Qərara əsasən, Azərbaycanın səfirlikləri və konsulluqları tərəfindən ölkəyə gəlmək və ölkədən getmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada verilən viza (bundan sonra - elektron viza) blankının təsviri ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinin ikinci hissəsinə uyğundur. Elektron viza blankı A4 formatdadır.
Elektron vizada Azərbaycanın Dövlət gerbi, "Azərbaycan Respublikası" və "Elektron viza" sözləri, elektron viza blankının iki latın hərfindən (AE) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi göstərilir.