...

Azərbaycanda orta məktəb məzunlarına veriləcək qızıl və gümüş medallar hazırdır (FOTO)

Cəmiyyət Materials 26 May 2011 14:52 (UTC +04:00)
Azərbaycanda orta məktəbləri xüsusi nailiyyətlərlə başa vuran 11-ci sinif məzunlarına veriləcək qızıl və gümüş medallar artıq hazırdır. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycanda orta məktəb məzunlarına veriləcək qızıl və gümüş medallar hazırdır (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəbləri xüsusi nailiyyətlərlə başa vuran 11-ci sinif məzunlarına veriləcək qızıl və gümüş medallar artıq hazırdır. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, medallar Azərbaycanda hazırlanıb.

Qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanıb. Bürünc metaldan hazırlanmış medalların səthinə qızıl və gümüş suyu çəkilib.

Medalların üz tərəfində Azərbaycanın gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunub.

Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilib. Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə qızıl medal, gümüş medalın yan səthində gümüş medal nəqş olunub.

Nazirlikdən bildirilib ki, medallar məzunlara buraxılış imtahanlarının nəticəsi məlum olduqdan sonra təqdim ediləcək.

Növbəti tədris illərinin məzunları üçün də nəzərdə tutulan medallar Təhsil Nazirliyində saxlanılacaq.

Bu il ölkədə 80-ə yaxın qızıl və ya gümüş medala namizəd məzun var.

Nazirlər Kabineti "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı ötən il yanvarın 14-də təsdiqləyib. Bu qaydalara görə, şagirdlərin qızıl və ya gümüş medala namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür.

2010-2011-ci tədris ilində Azərbaycanın orta məktəblərinin buraxılış (IX, XI) siniflərini 101521 şagird bitirəcək.

1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl vı gümüş medalların verilməsi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti