...

Azərbaycanın hakim partiyasının yeni üzvlərinə vəsiqələr verilib

Cəmiyyət Materials 26 May 2011 17:00 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni üzvlərinə vəsiqələr təqdim olunub.
Azərbaycanın hakim partiyasının yeni üzvlərinə vəsiqələr verilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni üzvlərinə vəsiqələr təqdim olunub.

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov və icra katibinin müavini Mübariz Qurbanlı partiyanın Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirib. Trend-in məlumatına görə, tədbirdə YAP sıralarına yeni daxil olan gənclərə partiya vəsiqələri təqdim olunub.

Əhmədov bildirib ki, may ayı ərzində Binəqədi rayonunda YAP-a 400-dək yeni üzv qəbul olunub ki, onların da çoxu gənclərdir.

"YAP ümumilli lider Heydər Əliyev ideyalarını gerçəkləşdirərək Azərbaycanın sürətlə inkişaf etməsini, iqtisadi uğurlara imza atmasını təmin edib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən gənclər YAP-a daxil olmaqla həmin siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər", - partiyanın sədr müavini əlavə edib.

Əhmədov qeyd edib ki, bəzi partiyalar gəncləri öz məqsədləri üçün istifadə etmək istəyirlər və onları bəzi qeyri-qanuni hərəkətlərə sövq edirlər. Onun sözlərinə görə, YAP-a üzvlük gənclər qarşısında yaxşı perspektivlər açır.

"Azərbaycanda YAP-ın 500 mindən çox üzvü var. Onların da yarıdan çoxu gənclərdir. Bu, onu sübut edir ki, YAP nəinki Azərbaycanın bu gününü, həmçinin sabahını təşkil edir", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti