...

Qubada mətbuat xidmətlərinin rəhbərləri üçün treninq keçiriləcək

Cəmiyyət Materials 5 İyul 2011 15:18 (UTC +04:00)
Mətbuat Şurasının (MŞ) Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində Qubada iki günlük treninq-məşğələ keçiriləcək.
Qubada mətbuat xidmətlərinin rəhbərləri üçün treninq keçiriləcək

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Mətbuat Şurasının (MŞ) Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində Qubada iki günlük treninq-məşğələ keçiriləcək.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, iyulun 9-10-da keçiriləcək tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin - Xızı, Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılacaqlar.

Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.

Layihəyə təlimçi qismində iki xarici ekspert də cəlb olunub. Onlardan biri Fred Gijbels Avropa Şurasının Moldova, Gürcüstan, Özbəkistan və digər ölkələrdəki layihələrinə qatılıb.
O, Niderlandın Leyden Universitetində sosial elmləri tədris edir.

Digər ekspert David van der Houven Mərkəzi və Şərqi Avropa ölkələrində media hüquqları üzrə çoxsaylı layihələrdə təlimçi olub.

MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsində məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaq, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirmək, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdir.

Layihə çərçivəsində ikinci treninq-məşğələnin iyul ayının 30-31-də Tərtər rayonunda təşkili planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti