...

Azərbaycanda Gənc alimlərin I Elm Festivalı öz işinə başlayıb

Cəmiyyət Materials 13 İyul 2011 16:14 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birgə təşkil etdiyi Gənc alimlərin I Elm Festivalı öz işinə başlayıb.
Azərbaycanda Gənc alimlərin I Elm Festivalı öz işinə başlayıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birgə təşkil etdiyi Gənc alimlərin I Elm Festivalı öz işinə başlayıb. Trend-in məlumatına görə, festivalın açılışında AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib ki, Azərbaycanda alim adı almış gənclərin bir yerə toplaşaraq gələcəkdə görəcəyi işlərlə bağlı bir-birinin qarşısına müəyyən məsələlər qoyması çox əhəmiyyətlidir.

Həşimov deyib ki, bunun əhəmiyyəti gələcəkdə özünü büruzə verəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbirdə bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, Azərbaycanda gənc alimlərin müsabiqəsi keçiriləcək, istedadlar laboratoriyası yaradılacaq. Babayev gənc alimləri bir çox məsələlərdə fərdiçiliyə yox, kollektiv işə üstünlük verməyə çağırıb.

AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov bildirib ki, festivala ölkənin regionlarında fəaliyyət göstərən gənc alimlər də qatılıb. O, gənc alimlərin çoxlu məqalələrinin xarici nüfuzlu elmi jurnallarda çap edildiyini, ixtiralarının yerli və xarici patent aldığı kifayət qədər gənc alimlərimizin olduğunu vurğulayıb.

Orucov bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənc alimlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi bənd əksini tapıb, eyni zamanda, gənc alimlərin innovativ fəaliyyətinin gücləndirilməsinə yönəlmiş bəndlər var.

Xəbər lenti

Xəbər lenti