...

Sabah Azərbaycanda daha 6 fənn üzrə vakant müəllim yerləri açıqlanacaq

Cəmiyyət Materials 5 Sentyabr 2011 16:52 (UTC +04:00)
Təhsil Nazirliyi sentyabrın 6-da daha 6 fənn üzrə respublikanın orta məktəblərinə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində vakant qalan yerlərin siyahısını açıqlayacaq.
Sabah Azərbaycanda daha 6 fənn üzrə vakant müəllim yerləri açıqlanacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi sentyabrın 6-da daha 6 fənn üzrə respublikanın orta məktəblərinə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində vakant qalan yerlərin siyahısını açıqlayacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, həmin fənlər riyaziyyat, informatika, coğrafiya, gənclərin çağırışaqədər hazırlığı, fiziki tərbiyə və əmək hazırlığıdır.

Bu fənlər üzrə yalnız müəllimlərin işə qəbulu üçün keçirilən imtahanda iştirak edərək keçid balını toplayıb, amma işə qəbul oluna bilməyən namizədlər sənəd verə bilərlər. Ərizələr qəbul edildikdən sonra vakant yerə sənəd vermiş ən yüksək bal toplayan namizəd həmin yerə yerləşdiriləcək.

Şöbədən bildirilib ki, indiyədək müəllimlərin işə qəbulu üçün imtahanın keçirildiyi 15 fəndən 9-u üzrə boş qalan yerlər elan edilib və sayta yerləşdirilib.

Ümumilikdə vakant qalan yerlər üzrə müsabiqənin nəticələrinin bu həftənin sonunda açıqlanması nəzərdə tutulur.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü isə digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olub.

Xəbər lenti

Xəbər lenti