...

Respublika Prokurorluğu Nəqliyyat Nazirliyinin əməkdaşlarını korrupsiya faktına görə həbs edib

Cəmiyyət Materials 23 Sentyabr 2011 15:14 (UTC +04:00)
Respublika Prokurorluğu Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının korrupsiya faktı ilə bağlı rəsmi məlumat yayıb
Respublika Prokurorluğu Nəqliyyat Nazirliyinin əməkdaşlarını korrupsiya faktına görə həbs edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Prokurorluğu Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının korrupsiya faktı ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, vətəndaş Rabil Məmmədquliyev korrupsiya halları ilə üzləşmiş vətəndaşlara birbaşa və maneəsiz müraciət etmək imkanı verən idarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu Gəncə-Göygöl rayonunun Xaqani kənd marşrutu üzrə xəttə özbaşına buraxdığı mikroavtobusun nəqliyyat müfəttişləri tərəfindən alınaraq saxlanılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin qaytarılması və xəttə ikinci mikroavtobusun buraxılmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Şəmistan Nağıyevin müqavilə üzrə həmin marşrutu istismar edən "Həsən Süleymanoğlu" Məhdüd Məsuliyyətli Cəmiyyətin dispetçeri Həsən Əliyev vasitəsilə ondan 2000 manat rüşvət tələb etdiyini və tələb olunan rüşvətin müqabilində 1500 manat pulu verməsi barədə onlarla razılaşdığını bildirib.

Müraciətin araşdırılması ilə əlaqədar 20 sentyabr 2011-ci il tarixdə saat 15 radələrində Həsən Əliyev şikayətçi Rabil Məmmədquliyevlə birlikdə "Avtonəqliyyatservis" departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin binasından çıxdıqdan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, rüşvət kimi verilmiş və şikayətçinin prokurorluq orqanına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən 100 və 50 manatlıq əskinazlardan 200 manatı onun üzərində, 1300 manat isə Cəmiyyətin rəisi Şəmistan Nağıyevin iş otağında yazı stolunun siyirtməsindən aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Toplanmış material üzrə başlanmış cinayət işi üzrə törətdiyi əməllərinə görə cinayət başında yaxalanmış Şəmistan Nağıyev və Həsən Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti