Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanlı alimlər Hindistanda yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsirini müzakirə ediblər. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Hindistanın Kanyakumari şəhərində keçirilən "Yer dinamikası - nailiyyətlər və uğursuzluqlar" adlı beynəlxalq konfransda ölkəmizi AMEA-nın Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və AMEA-nın Xarici əlaqələr şöbəsinin müdiri, Geologiya İnstitutunun Petrofizika şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov təmsil ediblər.
Konfransın Təşkilat Komitəsinin üzvü olan Quliyevin verdiyi məlumata görə, tədbirdə ümumən 9 ölkə, o cümlədən ABŞ, İtaliya, Rusiya, Norveç, Kolumbiya, İran və Avstraliyadan da nümayəndələr iştirak ediblər. Alimlər Yerin daxili dinamikası, bu mənada Yer qabığında baş verən təbii fəlakət və geoloji təhlükələr, həmçinin Yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsiri müzakirə olunub. Quliyev Geologiya İnstitutunun mövzu üzrə tədqiqatlarına dair iki məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində Quliyev və Həsənov hindistanlı həmkarları ilə görüşüb, Yer elmləri sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Beynəlxalq konfransın Kanyakumaridə keçirilməsi xüsusi önəm daşıyıb. Belə ki, burada Kembri geoloji dövründən əvvələ aid olan, yəni 2,5-2,8 milyard il yaşlı süxurlardan ibarət nadir geoloji kəsilişlər mövcuddur.
Azərbaycanlı alimlər Hindistanda yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsirini müzakirə ediblər
Azərbaycanlı alimlər Hindistanda yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsirini müzakirə ediblər. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.