...

Azərbaycan ilə Rusiya arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Cəmiyyət Materials 5 Oktyabr 2011 16:51 (UTC +04:00)
Azərbaycan ilə Rusiya arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan ilə Rusiya arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ilə Rusiya arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponini qəbul edib.

Xloponin Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dini-mənəvi sahədə böyük işlər görüldüyünü, dövlətin bu sahəyə diqqətini və nümunəvi tolerantlıq mühitinin mövcudluğunu vurğulayıb.

Görüşdə Qafqazda dini-mənəvi sahədə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Xloponin Qafqazda mövcud problemlərin həllində QMİ sədrinin dini lider və nüfuzlu şəxsiyyət olaraq müdrik mövqe, mühüm fikir və məsləhətlərinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıb.

Qonaq Rusiya Federasiyası rəhbərliyinin və Rusiya patriarxının böyük ehtiram bəslədiyi dini lider Paşazadənin bundan sonra da ölkələrimiz arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi, ənənəvi İslam dəyərlərinin daha da möhkəmlənməsi, gənclərin mənəvi tərbiyəsi istiqamətində səylərini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Paşazadə tolerantlığın Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafında oynadığı roldan bəhs edib. Rusiya və Azərbaycan dövlətləri arasında mənəvi əlaqələrin hər zaman inkişaf etdirilməsi zərurətindən söhbət açan QMİ sədri bu yaxınlarda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçılarının "Qafqazda ekstremizm ideologiyasının qarşısının alınması" mövzusunda Bakıda keçirilmiş konfrans barədə qonağı məlumatlandırıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının ölkəmizdəki səfiri Aleksandr Doroxin də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti