Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda hidrometeoroloji rejimi öyrənmək məqsədilə 2010-cu ilin avqustunda Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiyadan qısamüddətli fasilədən sonra hava haqqında məlumatların Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülməsi bərpa olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qış mövsümündə Tufandağ ərazisindəki Avtomat Meteoroloji Stansiyadan məlumat ötürülməsi kəsilmişdi. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin, Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupunun Tufandağ Avtomat Meteoroloji Stansiyasında apardığı araşdırma zamanı güclü külək və ildırım vurma səbəbindən ötürücü antenanın aşdığı məlum olub.
Görülən tədbirlərin nəticəsində stansiya tam bərpa olunub. Artıq məlumatlar avtomatik rejimdə mərkəzi proqnozlar bürosuna daxil olmağa başlayıb. Stansiya küləklə işləyən elektrik generatorundan və günəş panellərindən qidalanır.
Hazırda stansiyada veb-kameranın quraşdırılması işlərinə hazırlıq gedir.