...

Azərbaycanın yeni metodikası ilə qonşu ölkələrdə zəlzələlərin potensial ocaqları aşkar olunacaq

Cəmiyyət Materials 19 Oktyabr 2011 17:08 (UTC +04:00)
Azərbaycanda seysmikliyin öyrənilməsi üzrə işlənib hazırlanan yeni metodika qonşu ölkələrdə zəlzələlərin potensial ocaqlarını aşkar etmək üçün istifadə olunacaq.
Azərbaycanın yeni metodikası ilə qonşu ölkələrdə zəlzələlərin potensial ocaqları aşkar olunacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seysmikliyin öyrənilməsi üzrə işlənib hazırlanan yeni metodika qonşu ölkələrdə zəlzələlərin potensial ocaqlarını aşkar etmək üçün istifadə olunacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bildirib.

"Qonşu Gürcüstan və Rusiyada metodikanı tətbiq etməklə, onların məlumatlarını əldə edərək seysmik təhlükə zonalarını müəyyənləşdirmək olar", - Məmmədli deyib.

Onun sözlərinə görə, bu, həm də metodikanın bir daha yoxlamadan keçirilməsinə şərait yaradar.

Məmmədlinin sözlərinə görə, onun tərəfindən zəlzələ zonalarının müəyyən olunması ilə bağlı hazırlanan metodik yanaşma məqalə şəklində Rusiyada nəşr edilib və geniş müzakirə olunub. "Həmin məqalə tərcümə olunaraq Türkiyəyə göndərilib və gələcəkdə ABŞ-da da nəşr olunacağı və müzakirələrə çıxarılacağı gözlənilir", - seysmoloq deyib.

Azərbaycan ərazisində dərinlik qırılma xətlərinin bütün uzunu boyu eyni dərəcədə seysmik təhlükə ehtimal olunurdusa, Tahir Məmmədli tərəfindən irəli sürülən yeni metodika əsasında xəttin hər hissəsi üçün ayrı qiymət verilməsinin vacibliyi üzə çıxıb.

Bu metodika ilə aparılan araşdırmalar nəticəsində Şamaxı-İsmayıllı zonasında, Şamaxı şəhərindən təxminən Qonaqkəndin en dairəsinə qədər olan ərazidə 10 bal intensivliyində seysmik təhlükə yarada bilən potensial ocaq zonasının olduğu aşkar edilib. Azərbaycan ərazisində digər 10 bal səviyyəsində seysmik təhlükə ehtimalı Şəki-Oğuz bölgəsinin şimalında - Rusiya ilə sərhəd bölgəsində müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti