Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Yuxusuzluqdan əziyyət çəkənlərdə infarkt riski yuxu ilə bağlı problemi olmayanlarla müqayisədə 45 faiz çoxdur. Trend-in məlumatına görə, "The Daily Mail" qəzeti yazır. Belə bir nəticəyə Norveçin Tronheym Təbii və Texniki Elmlər Universitetinin alimləri gəliblər.
"Journal of the American Heart Association" mətbu orqanındakı məqalə müəllifləri miokard infarktının yaranması riskini yuxusuzluğun iki əsas simptomu ilə əlaqələndiriblər. Bir ay ərzində gecələr tez-tez oyanan xəstələrdə ürək tutmaları ehtimalı 30 faiz çoxdur. Səhərlər doyunca yatmadığını hiss edən adamlarda belə risk 27 faiz artır.
Tədqiqat apararkən alimlər yaş, cins, ailə vəziyyəti, təhsilin səviyyəsi, arterial təzyiqin göstəriciləri, xolesterinin səviyyəsi, diabet, çəki, fiziki hərəkətlər və iş rejimi kimi amilləri nəzərə alıblar.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, rəyi soruşulanların 1/3-də yuxusuzluq simptomlarından ən azı biri olub. Doktor Lars Erik Lauqsendin sözlərinə görə, yuxusuzluq son dərəcə geniş yayılmış problemdir və asan müalicə olunur. Ona görə də insanların pis yuxunun infarkta səbəb olduğunu bilmələri və yuxusuzluğun ilk əlamətləri zamanı həkimə müraciət etmələri vacibdir.