...

Ombudsman ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması üçün büdcə ayırmalarının artırılmasını tövsiyə edib

Cəmiyyət Materials 4 Noyabr 2011 13:39 (UTC +04:00)
Ombudsman müalicə olunan ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması üçün büdcə ayırmalarının artırılması ilə bağlı hökumətə müraciət edib.
Ombudsman ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması üçün büdcə ayırmalarının artırılmasını tövsiyə edib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman müalicə olunan ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması üçün büdcə ayırmalarının artırılması ilə bağlı hökumətə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, müvəkkil Elmira Süleymanova Respublikanın baş psixiatrı Gəray Gəraybəyli ilə birgə Gəncə şəhər ruhi-əsəb xəstəxanasına, Mingəçevir psixonevroloji dispanserinə, Qazax və Şəki rayonlararası psixiatriya xəstəxanalarına baxış keçirib, xəstələrlə görüşub, həmin müəssisələrdə onların saxlanma şəraiti, ərzaq təminatı və müalicə vəziyyətini öyrənib.

Başçəkmələr zamanı ombudsman Süleymanova deyib ki, Nazirlər Kabinetinə və Milli Məclisin Sosial siyasət komitəsinə müraciət edərək, psixiatriya xəstəxanalarında müalicə olunan ruhi xəstələrin qidalanması və dərmanla təmin olunması üçün, habelə müəssisələrin ehtiyaclarına uyğun büdcə ayrılmalarının artırılmasını tövsiyə edib.

Ombudsman hər bir tibb işçisinin səhiyyə üzrə milli qanunvericilik aktları və qəbul edilmiş konvensiyalar barədə bilgilərinin olmasının, bu məqsədlə yerlərdə maarifləndirici seminarların keçirilməsinin, tibb işçilərinin, həmçinin xəstələrin hüquqlarını əks etdirən hüquqi nəşrlərin hazırlanıb yayılmasının zəruriliyini qeyd edib.

Süleymanova müəssisələrin baş həkimlərinə "Psixiatriya yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib, bu layihə ilə tanış olaraq, təkliflərin hazırlanmasını və müvəkkilə göndərilməsini, həmçinin müəssisələrdə şəraitin daha da təkmilləşdirilməsini tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti