...

Yol polisi Azərbaycanda yağmurlu, qarlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Cəmiyyət Materials 7 Noyabr 2011 09:58 (UTC +04:00)
Yol Polisi yağmurlu və qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Yol polisi Azərbaycanda yağmurlu, qarlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Azərbaycan, Bakı, 7 noyabr /Trend müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi yağmurlu və qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, sürücülər qarlı, yağışlı və dumanlı havalarda sürət həddini meteoroloji şəraitə uyğun seçməli, günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

"Bir çox rayonlararası yollarda piyadaların əksəriyyəti yol çiyni ilə yox, yolun hərəkət hissəsi ilə gedir. Bu səbəbdən də bir çox hallarda piyada vurulması hallarına rast gəlinir", - məlumatda qeyd olunub.

Məlumata görə, "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, piyadalar nəqliyyat axınına qarşı hərəkət etməlidirlər.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamağı tövsiyə edir.

Məlumatda sürücülərə yağışlı və qarlı havalarda gölməçə olan yollardan keçəndə ehtiyatlı olmalarını, sürəti azaltmalarını tövsiyə edilir.

Noyabrın 6-sı Goranboyda bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in bölgə müxbirinin məlumatına görə, ötən gün saat 16:00 radələrində "VAZ-2106" markalı avtomobillə "Volkswagen Passat" markalı minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb.

Bakıda ilk qar yağır. Trend-in məlumatına görə, Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində Bakıda bazar ertəsi səhər saatlarından başlayaraq qar və sulu qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında bazar günündən başlayan anomal kəskin soyuq hava şəraiti noyabrın 7-də davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 09-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın digər ərazilərində də intensiv yağışlar yağacaq.

Xəbər lenti

Xəbər lenti