Azərbaycan, Bakı, 18 noyabr / Trend müxbir İ.İsabalayeva/
2012-2013-cü tədris ili üçün ali məktəblərin jurnalistika və filologiya (rus və ingilis filologiyası istisna olmaqla) ixtisasları üzrə magistraturaya imtahan verən bakalavrların yazdıqları esselərin qiymətləndirilməsində ilk dəfə olaraq, xarici ölkələrin mütəxəssislərinin də iştirakı nəzərdə tutulur. Bunu cümə günü Trend-ə TQDK-nın Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natıq Əliyev deyib.
Onun sözlərinə görə, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) Filippində bu yaxınlarda keçirilən illik 37-ci konfransında iştirak edən TQDK-nın nümayəndə heyəti orada Azərbaycanda magistratura səviyyəsinə qəbulla bağlı məruzə edib. Azərbaycanın magistraturaya qəbulla bağlı tətbiq etdiyi işlər digər ölkələrin marağına səbəb olub. Hətta bir sıra ölkələr - Avstraliya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Rusiya Azərbaycana jurnalistika və filologiya ixtisasları üzrə yazı işlərinin yoxlanılmasında internet vasitəsilə iştirak etmək istədiklərini açıqlayıblar. Azərbaycan tərəfi bu təklifi qəbul edib.
"Onlar qiymətləndirmə prosesinə birbaşa öz mütəxəssislərini cəlb etmək istəyirlər. Təbii ki, Azərbaycan bölməsinin yazdığı yazıları qiymətləndirmək üçün başqa yerə göndərə bilmərik. Amma ərəb dilində yazılan yazını həm Azərbaycanda, həm də Ərəbistanda yoxlamaq olar. Jurnalistin rus dilində yazdığı esseni Rusiyada, ingilis dilinə tərcüməni Avstraliyada yoxlatdıra bilərik. Sonra isə biz bu qiymətlərin bir-biri ilə necə uyğunlaşdığına baxa bilərik", - şöbə müdiri qeyd edib.
Əliyev deyib ki, hazırda bu təklifin reallaşdırılması məqsədilə danışıqlar aparılır. Növbəti tədris ili üçün bu işin eksperiment kimi tətbiqi nəzərdə tutulur. İlkin mərhələdə rus dilində yazılmış esselərin Rusiyaya, ərəb dilində yazılmış esselərin Ərəbistana göndərilməsi planlaşdırılır.
TQDK rəsmisinin sözlərinə görə, hazırda jurnalistika və alman, fransız, ərəb, yapon, italyan və s. filologiyası üzrə magistraturaya imtahan verən bakalavrlar II mərhələdə test imtahanı vermirlər. Onlar müəyyən mövzu üzrə esse yazırlar. İngilis və rus filologiyası üzrə magistr hazırlığı keçmək istəyənlər isə Azərbaycan və ya rus dilində verilmiş mətni təhsil aldıqları dil üzrə tərcümə edirlər. Bu yazı işlərinin surəti çıxarılır və onlar müxtəlif otaqlarda əyləşən qiymətləndiricilər tərəfindən qiymətləndirilir. Daha sonra isə qiymətlər bir-biri ilə müqayisə edilir. Əgər kəskin fərq olarsa, onda üçüncü qiymətləndirici də esseni qiymətləndirir.
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment -IAEA) 37-ci konfransında TQDK-nın şöbə müdiri Natiq Əliyev, aparıcı məsləhətçiləri Samirə Həsənzadə, Süraya Cəfərova və Cavanşir Orucovdan ibarət nümayəndə heyəti iştirak edib. "Qloballaşmanın tələbləri və qiymətləndirmə" mövzusunda keçirilən bu beynəlxalq konfransda dünyanın 40-a yaxın ölkəsindən 250-dən çox nümayəndə iştirak edib, 100-ə yaxın məruzənin təqdimatı olub. TQDK-nın əməkdaşları da təhsildə qiymətləndirmə üzrə beynəlxalq konfransda məruzələrlə çıxış ediblər.