...

Allahşükür Paşazadə Vanda zəlzələdən ziyan çəkən ailələrə yardım etmək üçün Türkiyənin Baş nazirinə məktub ünvanlayıb

Cəmiyyət Materials 18 Noyabr 2011 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək, qardaş ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlarına yardım etmək niyyətini bildirib. Bu barədə cümə günü Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

"Bütün Azərbaycan xalqı, möhtərəm dövlət rəhbərimiz - Sizin qardaşınız İlham Əliyev həzrətləri başda olmaqla, təbii fəlakət baş verən ilk gündən etibarən qardaş Türkiyə xalqının çətinliklərini paylaşmağa, zəlzələdən əziyyət çəkənlərə maddi və mənəvi cəhətdən qardaş yardımı göstərilməsinə böyük önəm verdi. Qafqaz Müsəlmanları İdarəsi olaraq, Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkən qardaşlarımıza yardım məqsədilə maddi vəsait köçürməyi özümüzə borc bildik. Lakin təbii fəlakətin miqyasının genişlənməsi - zəlzələnin davamlı şəkildə təkrarlanması səbəbindən zəlzələdən əziyyət çəkənlərin, evsiz-eşiksiz qalan türk vətəndaşlarının sayının artması bizi narahat etməyə bilməz. Soyuq, qarlı günlərin yaxınlaşması bizi xüsusilə qayğılandırır. Bunu nəzərə alaraq, Vanlı türk qardaşlarımıza imkanımız daxilində yardım etmək niyyətindəyik", Allahşükür Paşazadənin məktubunda qeyd olunur.

Məktubda daha sonra bildirilir:

"Münasib bildiyiniz-zəlzələdən ən çox əziyyət çəkmiş Vanlı fəlakət qurbanı olan iki ailəni fəsadlar aradan qaldırılanadək himayəmizdə yaşamaq üçün Azərbaycana təşrif buyurmağa dəvət edirəm. Həmin ailələrin yaşam təminatı tərəfimizdən ödənilməklə, hər bir qayğı ilə əhatə olunmasını mənəvi borc olaraq yerinə yetirməkdən şad olarıq".

Xəbər lenti

Xəbər lenti