...

Şimali Kiprdə təhsil alan tələbələrin sayı 600-ə çatıb

Cəmiyyət Materials 24 Noyabr 2011 14:22 (UTC +04:00)
Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artıb.
Şimali Kiprdə təhsil alan tələbələrin sayı 600-ə çatıb

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir İ.İsabalayeva/

Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşü zamanı Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu deyib.

Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı ötən il 407 nəfər olduğu halda, bu il onların sayı 600-ə çatıb. Qazioğlu son illər ərzində iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin genişləndiyini də bildirib.

Qazioğlu ilə yanaşı, Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçükü da qəbul edən Mərdanov qonağın Azərbaycana gəlişini bu əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib və təhsil sahəsi üzrə qurulmuş əlaqələrin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Təhsil naziri qonağın "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmasının önəmini qeyd edib. Eyni zamanda, nazir müvafiq proqram çərçivəsində mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edildiyini deyib.

Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük öncə səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib və Şimali Kipr Türk Respublikası Baş nazirinin salamını çatdırıb. Qonaq Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında yaradılan əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan Gülin Küçük birgə əlaqələrin yüksək töhfələr verəcəyinə inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti