...

Azərbaycan Xəzərdə nərə cinsli balıqların ovuna ayrılan kvotanın istifadəsindən imtina edəcək

Cəmiyyət Materials 8 Dekabr 2011 11:10 (UTC +04:00)
Azərbaycan növbəti il Xəzər dənizində nərə cinsli balıqların ovuna ayrılan kvotanın istifadəsindən imtina edəcək. Bu barədə Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycan Xəzərdə nərə cinsli balıqların ovuna ayrılan kvotanın istifadəsindən imtina edəcək

Azərbaycan, Bakı, 8 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan növbəti il Xəzər dənizində nərə cinsli balıqların ovuna ayrılan kvotanın istifadəsindən imtina edəcək. Bu barədə Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Nazir deyib ki, Azərbaycan tərəfi daha effektli nəticə əldə etmək üçün Xəzər dənizində nərə cinsli balıqların ovuna ən azı 10 il qadağa qoyulmasının tərəfdarıdır.

Nərə cinsli balıqların kürü verəcək yetkinlik yaşı 8-10 ildir.

2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı ölkələrin üçüncü zirvə görüşündə prezidentlər bildiriblər ki, Xəzərin Su Bioresursları Komissiyası üç ay müddətində nərə cinsli balıqlar barədə müzakirələr aparmalı və 5 il müddətində nərə cinsli balıqların ovuna qadağanın tətbiq olunması barədə razılıq əldə etməlidir.

Xəzərdə bölgə (Huso huso), qaraburun və çalbaş (Acipenserida), kələmə (şip), uzunburun (Suruga) kimi nərə cinsli balıq növü var.

Kökü kəsilməkdə olan yabanı flora-fauna növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (International Trade in Endangered Species of Wild Fauna and Flora) Xəzərdəki hər dörd növ nərə cinsli balığı "nəsli təhlükədə olan" canlılar siyahısına salıb. Xəzəryanı ölkələr, Türkmənistan istisna olmaqla, bu konversiyaya üzvdür.

Hazırda dünyada kəşf olunmuş 27 növ nərə cinsli balığın 17 növünü məhv olmaq təhlükəsi gözləyir. Dünyanın təxminən 90 faiz kürüsü Xəzərdə istehsal olunur. Statistikalara əsasən, Xəzəryanı ölkələr kürü istehsalından ildə 1 milyard dollar məbləğində gəlir əldə edirlər.

Xəzərin Su Bioresursları Komissiyasının imzaladığı protokola əsasən, ötən il Azərbaycan üçün ümumi ov kvotası 84 ton (nərə balığı üzrə 46 ton, uzunburun balığı üzrə isə 38 tondur), İran - 403 ton, Qazaxıstan - 171 ton, Rusiya - 268 ton və Türkmənistan - 62 ton müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti