...

Yunanıstan universitetində Heydər Əliyev adına mükafat təsis edilib

Cəmiyyət Materials 9 Dekabr 2011 15:47 (UTC +04:00)
Yunanıstanın qabaqcıl ali məktəblərindən birində - Patra Universitetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına mükafat təsis edilib.
Yunanıstan universitetində Heydər Əliyev adına mükafat təsis edilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Yunanıstanın qabaqcıl ali məktəblərindən birində - Patra Universitetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına mükafat təsis edilib.

Azərbaycanın Afinadakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, Yunanıstanın əhali sayına görə üçüncü şəhərindəki universitetdə bu hadisəyə həsr edilmiş təntənəli mərasim keçirilib. Heydər Əliyev adına mükafat universitetin yuxarı kurs tələbələri üçün Azərbaycan və Azərbaycan-Yunanıstan əlaqələri haqqında ən yaxşı elmi işə görə təsis edilib.

Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev çıxış edib. O, çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolu, onun Azərbaycan SSR-in başçısı, keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri, müstəqil Azərbaycanın 1993-2003-cü illərdə prezidenti vəzifələrində fəaliyyəti barədə danışıb.

Səfir qeyd edib ki, mövcud layihənin məqsədi yunan tələbələr tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, enerji strategiyası, Azərbaycan-Yunanıstan münasibətlərinin müxtəlif aspektlərinin dərindən öyrənilməsinə dəstək verməkdir.

Görüşdə çıxış edən universitetin prorektoru, professor Dimitrios Kalpaksis, mükafat üçün müsabiqənin keçirilməsi üzrə təşkilat komitəsinin katibi Yorqos Pavlidis və başqaları bu təşəbbüsü alqışlayıb və iki ölkənin yaxınlaşması, iki ölkənin ali məktəbləri arasında elmi əlaqələrin inkişafı üçün onun əhəmiyyətini qeyd ediblər.

Mərasim başa çatdıqdan sonra səfir müəllim və tələbələrin suallarını cavablandırıb, Azərbaycan haqqında sənədli film göstərilib. Səfirlik tərəfindən Patra Universitetinin kitabxanasına Azərbaycan haqqında kitab və jurnallar hədiyyə edilib.

Patra Universiteti Afina və Saloniki universitetləri ilə yanaşı, Yunanıstanın qabaqcıl ali məktəblərindən biridir, nəşr edilən elmi işlərin sayına görə ölkədə birinci yeri tutur. Onun 5 fakültəsində 28 min tələbə təhsil alır.

Səfirlikdən verilən məlumata əsasən, Heydər Əliyev adına mükafat bir neçə ilə hesablanıb. Onun əldə edilməsi üçün elmi və diplom işləri üzrə ümumuniversitet müsabiqəsi keçiriləcək və onun 6 qalibi hər il göstərilən mükafatı alacaq. İlk müsabiqənin nəticələrinə yekun vurulması 2012-ci il mayın 10-na planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti