...

Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı parlamentə tövsiyə olunub

Cəmiyyət Materials 15 Dekabr 2011 12:52 (UTC +04:00)
Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı hazırlanaraq 3-cü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı parlamentə tövsiyə olunub

Azərbaycan, Bakı, 15 dekabr /Trend müxbir M.Əliyev/

Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı hazırlanaraq 3-cü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında qanun layihəsi aparılmış düzəlişlərlə müzakirəyə çıxarılıb.

Qanun layihəsində sosial xidmət sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına könüllülər də əlavə olunub. Həmçinin sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ictimai iştirakçılığın təmin olunması da qeyd edilib.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, layihə kifayət qədər işlənilərək hazır vəziyyətə gətirilib. "Bu qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq", - Rəcəbli deyib.

Azərbaycanda bu qanun ölkədə qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək.

Qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə, evlərdə) müəyyənləşdiriləcək. Azərbaycanda sosial xidmətlərlə bağlı qanunvericilik yaradıldıqdan sonra sosial işçilərin statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.

Sosial işçilər öz əməklərinə görə dövlətdən əməkhaqqı alacaqlar.

Xəbər lenti

Xəbər lenti