...

Ötən ay Təhsil Nazirliyinə orta məktəblərdə nöqsanlarla bağlı 60-dan çox müraciət edilib

Cəmiyyət Materials 20 Dekabr 2011 17:49 (UTC +04:00)
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin noyabrında 2225 müraciət daxil olub.
Ötən ay Təhsil Nazirliyinə orta məktəblərdə nöqsanlarla bağlı 60-dan çox müraciət edilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin noyabrında 2225 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müraciətlərin çoxu sorğu xarakterlidir. Daxil olan sorğular məktəbəqədər, ümumi təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Müraciətlərin digər qismi isə müəllimlərin dərs bölgüsü, dərs yükünün həcmi, əməkhaqqının hesablanması, dövlət sifarişi ilə və xaricdə dövlət proqramı çərçivəsində ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və başqa məsələlərə aid problemləri əhatə edib.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali məktəblərdəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 76 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 6 şikayət daxil olub. Müraciətlərdə yeməklərin keyfiyyəti, uşaqların bağçaya qəbulu və bu kimi digər məsələlərə toxunulub.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı 63 müraciət edilib. Şikayət məzmunlu bu müraciətlərdən 23-ü Bakıdan, Hər birindən 1-i olmaqla Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərindən, 7-si Abşerondan, 4-ü Şəkidən, hər birindən 3-ü olmaqla Kəlbəcər və Biləsuvar rayonlarından, hər birindən 2-si olmaqla Cəlilabad, Masallı və Xaçmaz rayonlarından, hər birindən 1-i olmaqla Füzuli, Ordubad, Yardımlı, Hacıqabul, Saatlı, Qubadlı, Quba, Zaqatala, Xocalı, Qazax, Tovuz, Daşkəsən, Şabran və Qəbələ rayonlarından daxil olub.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Digər 7 müraciət isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi, diplomların verilməməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin müvafiq xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi məsələləri ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti