...

Quba məzarlığındakı yeganə quyu üçün təhlükəli vəziyyət yaranıb

Cəmiyyət Materials 6 Yanvar 2012 16:11 (UTC +04:00)
Son günlər müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı yeganə quyu üçün təhlükəli vəziyyət yaradıb.
Quba məzarlığındakı yeganə quyu üçün təhlükəli vəziyyət yaranıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son günlər müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı yeganə quyu üçün təhlükəli vəziyyət yaradıb. Bunu cümə günü Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, torpağı don vurduğu üçün hazırda məzarlıqdakı yeganə quyunun ətrafındakı torpaqlar tökülməyə başlayıb.

Ağayev deyib ki, artıq yaz aylarında torpağın donu açıldıqda quyu üçün daha böyük təhlükə yaranacaq. Əgər tədbirlər görülməsə, yazda quyu ətrafındakı sürüşmə baş verə və quyu dağıla bilər.

Ekspedisiya rəisi hazırda quyudakı sümüklərdə də sürətlə çürümənin baş verdiyini deyib. O əlavə edib ki, hazırda quyudakı sümüklərin çürüməsinin qarşısı primitiv şəkildə alınır.

Ağayevin sözlərinə görə, məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb. Məzarlıqda quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması lazımdır, lakin bu iş indiyədək həyata keçirilməyib.

Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur.

Məzarlıqdakı ilk quyu baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq, hazırda bu kompleksin tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti