Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bir neçə günə lisenziyası olmayan taksilərin yığışdırılmasına başlanılacaq. Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.
Məlumata görə, hazırda təxminən 4 min taksiyə lisenziya verilib.
Bununla bağlı hələki nazirliyin rəsmi məlumatı yayılmayıb.
Xatırladaq ki, daha öncə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda lizenziyalaşdırılmamış taksilərin sayı 10 mini ötüb.
Qeyd edək ki, yanvarın 10-da Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələrindən ibarət işçi qurupun təklifləri əsasında bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul olunub.
Etibarlı mənbədən daha öncə Trend-ə verilən məlumata görə, müşavirədə qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır.