Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın rayonlarına gedən yollarda nəqliyyatın hərəkətində problemlər yoxdur.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, dünən axşamdan başlayan qarlı hava şəraiti respublikanın avtomobil yollarında hələ ki, problemlər yaratmayıb.
Onun sözlərinə görə, bütün rayonlar istiqamətinə yollar açıqdır.
Şöbə rəisi bildirib ki, sinoptiklər bəzi rayonlara gedən yolların buz bağlayacağı barədə proqnoz verib.
O, bununla əlaqədar sürücülərə yollarda diqqətli olmağı, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini tövsiyə edir.
Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.