Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar bəzi magistral yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba yolunun 130-204-cü kilometrliyində hazırda qar yağır. Gəndob-Yalama yolunun 48-ci kilometrliyinədək qar yağır və yolun hərəkət hissəsi buz bağlayıb.
Bakı-Ələt-Qazax yolunun Gürcüstanla sərhəd hissəsində, Ələt-Astara yolunda qar yağsa da, yol açıqdı.
Bakı-Şamaxı yolunun 10-105-ci kilometrliyində qar yağır, yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.
Əliyev bildirib ki, Ağsu aşırımında da nəqliyyatın hərəkəti məhdudlaşıb. Onun sözlərinə görə, bu yolda yalnız zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini mümkündür.
Əliyev deyib ki, yolların enişli-yoxuşlu hissələrinə qum səpilir.
İdarə sözçüsü bununla əlaqədar sürücülərə yollarda diqqətli olmağı, idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.
Şöbə rəisi bildirib ki, ötən gün respublika yollarında 4 yol qəzası qeydə alınıb, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Qəzalardan 2-si (1 ölüm, 2 xəsarət) Bakıda qeydə alınıb.
Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin gələn ayın əvvəlinədək davam edəcəyi bildirilib.