...

Bakıda şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb

Cəmiyyət Materials 7 Fevral 2012 10:30 (UTC +04:00)
Bakıda hökm sürən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb.
Bakıda şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda hökm sürən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxt ərazisindəki əksər körpülər, enişli-yoxuşlu yollar, Babək, Heydər Əliyev, Tbilisi, Azadlıq, İnşaatçılar, Nərimanov prospektləri, Rəşid Behbudov, Bakıxanov, Mirəli Qaşqay, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Ziya Bünyadov, Bakıxanov, Mehdi Hüseyn, Mikayıl Müşfiq küçələri buz bağladığı üçün nəqliyyatın hərəkəti üçün əlverişsiz və təhlükəli şərait yaranıb.

Bununla əlaqədar Bakı Yol Polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Bakı Yol Polisi tövsiyə edir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Bu gecə və sabah gün ərzində çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Kəskin hava şəraitinin fevralın 9-u səhərə qədər davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti