Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda turistlərin təhlükəsizliyi daha yüksək səviyyədə, yeni üsul və metodlarla təmin ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, turistlər həm tibbi, həm də şəxsi qəza sığortası növündə sığortalanacaqlar. Bu məsələ turizm və sığorta təşkilatları arasında bağlanılmış müqavilə əsasında həyata keçiriləcək. Turistin həyatına, sağlamlığına, yaxud onun əmlakına vurulan zərərə görə kompensasiya ödənilməsi Azərbaycanın qüvvədə olan sığorta qanunvericiliyinə əsasən həyata keçiriləcək.
Layihəyə əsasən, Azərbaycan ərazisində turistlərin təhlükəsizliyi dövlət tərəfindən təmin olunacaq.
Turistlərin təhlükəsizliyini təmin etmək üçün turizm təşkilatları bir sıra tədbirlər həyata keçirməlidirlər. Turizm şirkətləri turistləri səyahət zamanı mümkün olan təhlükələr haqqında məlumatlandırmalı, müəyyən bir yerdə qalmaq üçün onlara təhlükəsiz şərait yaratmalı, onların yürüş, gəzinti, ekskursiya, yarış yerlərini muvafiq vasitələrlə təchiz etməlidir.
Bununla yanaşı, turistlərə marşrutun xarakterindən və turistlərin öz davranışları səbəbindən meydana çıxa biləcək təhlükələr barədə məlumat verilməlidir.
Turist səfərə çıxdıqdan sonra müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə icra edilməməsi nəticəsində yaranan problemin həllinə və ya öhdəliklərin təmin edilməməsinə görə məsuliyyət daşıyır. Turistlər müvəqqəti yaşayış yerində (müvəqqəti olma
ölkəsində) qanunvericiliyə zidd hərəkət etdiklərinə görə də məsuliyyət daşıyacaqlar.
"Turizm haqqında" yeni qanun layihəsi fevralın 6-dan ictimaiyyətin müzakirəsinə təqdim olunub. Turizm fəaliyyəti ilə məşğul olanlar layihə barədə rəy və təkliflərini 20 gün müddətində bildirə bilərlər.