...

Peyvənddən imtina etmək və ya onu başqa vasitə ilə əvəzləmək?

Cəmiyyət Materials 20 Fevral 2012 16:55 (UTC +04:00)
Azərbaycan uşaqların peyvənd olunması təcrübəsindən imtina etməyə hazırlaşmır və peyvənddən imtina çox zərərli və səhv fikirdir.
Peyvənddən imtina etmək və ya onu başqa vasitə ilə əvəzləmək?

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan uşaqların peyvənd olunması təcrübəsindən imtina etməyə hazırlaşmır və peyvənddən imtina çox zərərli və səhv fikirdir. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, dünyada peyvəndin alternativi və onu əvəz edən heç nə yoxdur.

Baş pediatr bildirib ki, dünyada peyvənd qədər insanların həyatını xilas edən nə müalicə üsulu, nə də başqa vasitə mövcud deyil. Peyvəndi yeganə olaraq təmiz içməli su əvəz edə bilər. Cünki yoluxucu xəstəliklərin böyük qismi su ilə yoluxur. Təmiz suyun effekti hətta peyvəndi üstələyə də bilərdi. Amma bu gün dünyada bu, mümkün deyil.

Baş pediatr hesab edir ki, valideyn peyvənd etdirməməklə uşağının hüquqlarını pozur, çünki bu yolla uşaqları xəstəlikdən qorumaq mümkündür. Əgər valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.

Quliyevin sözlərinə görə, hazırda Azərbaycanda uşaqlar dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, peyvənd təqvimi ilə peyvənd edilir. Ötən il iyulun 1-dən Azərbaycanda peyvəndin tərkibində artım olub. Həmin vaxtadək Azərbaycanda uşaqlar 9 xəstəliyə qarşı peyvənd olunurdusa, ötən ilin iyulundan bu rəqəm artıq 10-a çatdırılıb.

"Onuncu peyvənd "Haemophilus influenza" çöplərinə qarşıdır. Həmin çöplər uşaqlarda pnevmaniya, meningit kimi qorxulu xəstəliklər törədə bilər. Ona görə də artıq bu xəstəliklərə qarşı bizdə peyvənd tətbiq olunur", - o deyib.

"Haemophilus influenza" çöplərinə qarşı peyvənd 2 aylığından başlayır. Bu peyvənd uşaqlara həmin vaxtdan başlayaraq, AKDS ilə paralel - pentavaksa adlanan bir preparatın tərkibində vurulur. Kompleks vaksin olan pentavaksanın tərkibində 5 xəstəliyə qarşı pevyənd var ki, onlardan biri də "Haemophilus influenza" çöpləridir.

Azərbaycanda uşaqlar ötən il iyulun 1-dək 9 xəstəlik - hepatit B (sarılığa qarşı), BSJ-poliomielit (vərəmə və iflicə qarşı), AKDS (göy öskürək, difteriya, tetanus), R-mantu (vərəmi yoxlamaq üçün sınaq), QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi), AKDS (AKDS-in revaksinasiyasi), R-ADS (difteriya, tetanus), R-QMP, R-mantuya (mantu sınağı) qarşı peyvənd edilib.

Xəbər lenti

Xəbər lenti