Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Şərur rayonundakı "Ovçular təpəsi" qədim yaşayış yerində aparılan araşdırmalar zamanı Kür-Araz mədəniyyətinə aid yeni faktlar aşkarlanıb.
Trend-in bazar ertəsi AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ərazidə 2006-cı ildən elmi-tədqiqat işləri aparılır. Bu abidənin tədqiqatı zamanı Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı hər il yeni faktlar əldə edilir. 2006-2011-ci illərdə "Ovçular təpəsi"ndə aparılan araşdırmalarda Ubeyd mədəniyyəti və Proto-Kür-Araz mədəniyyətinə aid keramika məmulatları aşkarlanıb.
Aşkar edilən mühüm tapıntılardan biri Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid maddi-mədəniyyət nümunələridir. B tapıntılarla bağlı bu günlərdə yeni nəticələr əldə olunub. Belə ki, tədqiqatların nəticələri, o cümlədən İtaliyanın Del Salento Universitetinin laboratoriyasında "Ovçular təpəsi"ndən tapılan ağac kömürünün radiokarbon analizi Naxçıvanda Kür-Araz mədəniyyətinin eramızdan əvvəl V minilliyin sonundan başlandığını təsdiq edir.
Bu, Cənubi Qafqazda Kür-Araz mədəniyyətinin tarixi ilə bağlı ilk faktdır. Bu fakt Naxçıvanın və Azərbaycanın Araz boyu ərazisinin Kür-Araz mədəniyyətinin mərkəzi olduğunu sübut edir.