...

Vandakı zəlzələ zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımında fəal olan şəxslərə sertifikatlar təqdim olunub

Cəmiyyət Materials 9 Mart 2012 16:44 (UTC +04:00)
Cümə günü Türkiyənin Azərbaycandakı səfirliyində ötən il Vanda baş vermiş zəlzələ zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımında fəallıq nümayiş etdirən şəxslərə sertifikatlar təqdim olunub.
Vandakı zəlzələ zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımında fəal olan şəxslərə sertifikatlar təqdim olunub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Cümə günü Türkiyənin Azərbaycandakı səfirliyində ötən il Vanda baş vermiş zəlzələ zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımında fəallıq nümayiş etdirən şəxslərə sertifikatlar təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Türkiyə səfiri Hulusi Kılıç bildirib ki, Vanda baş vermiş zəlzələdən sonra ilk yardım edən ölkə Azərbaycan olub. "Zəlzələdən dərhal sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən "siz tək deyilsiniz" mesajı gəldi", - o deyib.

Kılıç qeyd edib ki, ötən ilin sonu və bu ilin əvvəlində həm zəlzələ ilə bağlı, həm də ictimai-siyasi sahədə baş verən hadisələr Azərbaycan və Türkiyənin bir-birilərinin kədərini və sevinclərini bir yaşadığını sübut etdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz Aslanov Vanda baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi yardımlardan danışıb. "Vanda baş vermiş zəlzələnin yaratdığı problemlər, çətinliklər bütün dünya ictimaiyyətinə Azərbaycanla Türkiyənin yan-yana olduğunu nümayiş etdirdi. Bizim qazancımız o oldu ki, bir çox insanlar adının hallanmaması şərti ilə qardaşlarına yardım etməyi özlərinə borc bildilər", - o deyib.

Aslanov qeyd edib ki, yardım kampaniyasında ən çox pul köçürən Dövlət Yol Polisi İdarəsi olub. Onun sözlərinə görə, 1990-cı illərdə Azərbaycanın işğal olunmuş torpaqlarından qaçqın düşənlərə Türkiyənin Qızıl Aypara Cəmiyyəti böyük yardım göstərmişdi.

Tədbirin sonunda sertifikatlar millət vəkilləri Eldar İbrahimov, Eldar Quliyev, Mahir Aslanov, Tahir Süleymanov, Nazim Fərəcov, Arif Əşrəfov, "Azəryolservis" SC-nin sədri Cavid Qurbanov, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov və digərlərinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti