...

Güclü qar Bakının bəzi küçələrində avtomobillərin hərəkətində sıxlıq yaradıb

Cəmiyyət Materials 17 Mart 2012 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yağan güclü qar paytaxtın bəzi küçələrində avtomobillərin hərəkətində sıxlıq yaradıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, dünən axşamdan yağan qar "20 Yanvar" dairəsində, şəhərin giriş və çıxış yollarında avtomobillərin hərəkətində problemlər yaradıb.

Meteoroloji şəraitlə əlaqədar həmin istiqamətlərdə avtomobillərin hərəkəti intensivləşib və sıxlıq yaranıb.

Həmçinin, paytaxt daxilində bəzi küçələrdə də analoji vəziyyət yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qarlı hava respublikanın rayonlarına gedən magistral yollarda problem yaratmayıb və bütün istiqamətlərdə yolar açıqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu gün ölkədə qeyri-sabit hava şəraiti davam edəcək.

Gün ərzində Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Sabahdan respublikada hava şəraiti mülayimləşəcək.

Xəbər lenti

Xəbər lenti