...

Stokholm şəhər kitabxanalarına AzərTAc-ın təşəbbüsü ilə Azərbaycan haqqında kitablar təqdim edilib (FOTO)

Cəmiyyət Materials 28 Mart 2012 15:31 (UTC +04:00)
AzərTAc-ın təşəbbüsü və təşkilatçılığı ilə Stokholm şəhər kitabxanalarına Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə ingilis dilində kitablar təqdim olunub.
Stokholm şəhər kitabxanalarına AzərTAc-ın təşəbbüsü ilə Azərbaycan haqqında kitablar təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın təşəbbüsü və təşkilatçılığı ilə Stokholm şəhər kitabxanalarına Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə ingilis dilində kitablar təqdim olunub. Hədiyyələr arasında "Azerbaijan-Heydar Aliyev Fondation", "Azerbaijan carpets-Masterpieces of Garabagh", "Azerbaijan-The land of Tolerance", "Azerbaijan: 100 Questions Ansvvered" və başqa kitablar, instrumental, xalq musiqisi və muğamlardan ibarət CD-lər də var.

Stokholm şəhər kitabxanasının regional şefi Elizabet Aldstedt hədiyyələrə görə AzərTAc-a təşəkkürünü bildirərək deyib: "Çox gözəl kitablardır. Yeni kitablar lap yerinə düşdü, çünki Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi daimi oxucularımızın ölkənizə marağını daha da artırıb".

Elizabet Aldstedt bu ilin aprelində Bakıya gəlmək niyyətindədir. Onun sözlərinə görə, kitablar son illər beynəlxalq aləmdə xeyli fəallaşan Azərbaycanı daha yaxşı tanımağa imkan verəcək.

Aldstedt deyib: "Biz hədiyyələri yeni kitablar rəfində yerləşdirəcəyik. Bizi Azərbaycan haqqında kitablarla yanaşı, Azərbaycan yazıçılarının əsərləri də maraqlandırır". Xanım Aldstedtin fikrincə, balaca azərbaycanlı oxucuları da unutmaq olmaz. Ana dilində nağıllar kitabları onlar üçün faydalı olardı.

Azərbaycan haqqında kitablar Ekeryo kitabxanasına da təqdim edilib. Kitabxananın müdiri Osa Hyoberi hədiyyələrə görə təşəkkürünü bildirərək deyib: "Bu, Azərbaycan haqqında ilk kitablardır və onlar kitabxanamızın rəflərinə düzüləcək".

Hyoberi kitabxanada Azərbaycan gecəsinin təşkil edilməsi, Azərbaycan haqqında geniş məlumat verilməsi, videoçarxların nümayiş etdirilməsi təklifini irəli sürüb. O deyib: "Azərbaycan Şərq ilə Qərb arasında körpüdür. Biz oxucularımızın sizin zəngin mədəniyyətiniz, xalq musiqiləriniz, avropalılar üçün ecazkar muğamınızla tanış olmasını istəyirik".

Xəbər lenti

Xəbər lenti