...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq: Kürün səviyyəsi qalxa, bəzi əraziləri su basa bilər

Cəmiyyət Materials 30 Mart 2012 17:08 (UTC +04:00)
Aprel və may aylarında Kürün aşağı axınında suyun səviyyəsinin artması və bəzi ərazilərdə subasma hallarının baş verəcəyi gözlənilir.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq: Kürün səviyyəsi qalxa, bəzi əraziləri su basa bilər

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Aprel və may aylarında Kürün aşağı axınında suyun səviyyəsinin artması və bəzi ərazilərdə subasma hallarının baş verəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprel ayında temperaturun normadan yuxarı olması və Böyük Qafqazın cənub-qərb ərazilərinə normadan çox yağan qarın ərimə dinamikasının artması, aprel-may aylarının bəzi günlərində intensiv yağışların yağması aprel və may aylarında Kürün aşağı axınında səviyyələrin artmasına və bəzi ərazilərdə subasma hallarının baş verməsinə səbəb ola bilər.

ETSN-nin Milli Hidrometeorologiya Departamenti bu ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarındakı qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə qarölçmə işləri aparıb.

Qarölçmə işləri Böyük Qafqazda 580-2920 metr yüksəklikləri əhatə etməklə 16, Kiçik Qafqazda 900-3000 metr yüksəklikləri əhatə etməklə 7, Naxçıvan MR-da isə 5 marşrut üzrə həyata keçirilib.

Aparılan ölçmə işləri nəticəsində məlum olub ki, Kiçik Qafqazın yüksək dağlıq çay hövzələrində qar örtüyü 2011-ci illə müqayisədə az olsa da, çoxillik normadan çox, Böyük Qafqazın yüksək dağlıq çay hövzələrində isə qar-su ehtiyatı həm çoxillik norma, həm də 2011-ci illə müqayisədə daha çox olub.

Belə ki, Qanıx çayının hövzəsində qar örtüyünün orta sululuğu 237 mm (norma 77,9 mm), Əyriçay hövzəsində 153 mm (norma 72,8 mm), Şirvan çaylarının hövzələrində 221 mm (norma 53,6 mm), Böyük Qafqazın şimal-şərq yamacında 112 mm (norma 59,7 mm), Kiçik Qafqazın şimal-şərq yamacında 67,9 mm (norma 57,3 mm), Naxçıvan MR çaylarının hövzələrində 102 mm (norma 67,1 mm) təşkil edir.

Departament ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış ekspedisiya, eyni zamanda, aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublikanın çaylarında 2012-ci ilin aprel-iyun ayları üçün yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ çaylarının, transsərhəd çayların və daşqın hadisələrinin axım proqnozunu hazırlayıb.

Aprel-iyun aylarında Kür çayından Şəmkir su anbarına axımın normanın 108-126, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 124-158, Araz çayından Araz su anbarına axımın isə normanın 101-121 faizini təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti