Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Hüseynov/
Bakının Qaradağ rayonunda "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransın açılışında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov məlumat verib ki, konfrans Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirilir.
Heydər Əliyev Muzeyində baş tutan görüşdə Azərbaycanın 40 qabaqcıl KİV rəhbəri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.
Mikayılov bildirib ki, son illərdə Qaradağ rayonu ərazisində yollar çəkilib, geniş abadlıq işləri aparılır, müasir məktəblər, klinikalar, parklar tikilir. Rayonda reallaşdırılan ən iri iqtisadi layihələr gəmiqayırma zavodu, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanı, habelə sement zavodunun tikintisidir.
Dövlət Fondunun sədri Vüqar Səfərli deyib ki, bir neçə gün öncə Fondun üç yaşı tamam olub və bu müddət ərzində bir çox layihələr reallaşdırılıb, onlardan biri KİV ilə yerli icra hakimiyyəti orqanları arasında belə daimi görüşlərin təşkilidir. Səfərli vurğulayıb ki, bu layihə onlar arasında əlaqələrin və dialoqun qurulması üçün həyata keçirilir.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov konfransda qeyd edib ki, Azərbaycanda daimi əsasda təqribən 600 KİV fəaliyyət göstərir. Onlardan təqribən 350-si qəzet (35-i gündəlik qəzet), 100-ə yaxını isə jurnaldır. Ölkədə 10 ümummilli TV, 15-dən artıq regional TV, 15 radiokanal fəaliyyət göstərir. Digər KİV isə informasiya agentliyi və onlayn-portallardır.
Amaşov qeyd edib ki, ölkədə KİV-in qeydiyyata alınması və fəaliyyəti üçün olduqca liberal hüquqi baza yaradılıb, lakin bu o demək deyil ki, problemlər mövcud deyil. Onun sözlərinə görə, sadəcə olaraq, bəziləri kimi ayrı-ayrı mənfi məqamları birləşdirərək bunu hakimiyyətin fəaliyyətinin nəticəsi kimi təqdim etmək olmaz.
Bununla yanaşı, o ümid etdiyini bildirib ki, ilin sonunadək "Diffamasiya haqqında" qanun qəbul ediləcək.
MŞ sədri bildirib ki, reket jurnalsitikası ilə mübarizə üzrə xüsusi komissiyanın fəaliyyəti nəticəsində təqribən 90 KİV "qara siyahı"ya düşüb. Amaşov vurğulayıb ki, belə KİV-lərin məqsədi ictimaiyyəti məlumatlandırmaq deyil, öz tələbatlarını ödəməkdir. O, belə jurnalistləri dəstəkləməməyə və qüvvədə olan qanunvericiliyə əsasən KİV-də açıq informasiya təqdim etməyə çağırıb.
Konfrans iştirakçılar arasında açıq dialoq formatında davam edib. Qaradağ rayonunun sosial-iqtisadi inkişafı mövzusu üzrə jurnalist müsabiqəsinin keçirilməsi elan edilib.