...

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Cəmiyyət Materials 6 Aprel 2012 14:21 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatı deputatlar tərəfindən müzakirəyə çıxarılıb.
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatı deputatlar tərəfindən müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, müzakirələr zamanı millət vəkili Fəzail İbrahimli hesabatın yüksək səviyyədə hazırlandığını qeyd edib.

Deputat Çingiz Qənizadə isə hesabatın müzakirəsi zamanı bildirib ki, "Azərenerji" ASC-dən Baş Prokurorluğa şikayət edəcək. Millət vəkili "Azərenerji" ASC-nin "Azenko" ilə layihələrin yerinə yetirilməsinə dair bağladığı müqavilələrin müddətinin sonradan uzaldıldığı və ASC tərəfindən əlavə vəsaitin ayrıldığını deyib.

"Hesablama Palatasının hesabatında bu məqamlar əks olunub. Biz həkimləri 300 manata görə cinayət məsuliyyətinə cəlb edirik. Bəs "Azərenerji" ASC ilə bağlı niyə cinayət işi açılmır? Hesablama Palatasının Baş Prokurorluqla sazişi var. Palatanın sədrini bu məsələlər barədə cinayət işinin açılmasına səy göstərməyə çağırıram", - Qənizadə deyib.

Deputat Zahid Oruc bildirib ki, büdcə vəsaitlərinin mənimsənilməsi kütləvi xarakter daşıyır. "Mən tender məsələsinə toxunmaq istəyirəm. Əslində, bu sahə işləmir, hər nazirlik tender keçirir. Vəsaitlərin mənimsənilməsini də orada axtarmaq lazımdır. Hesablama Palatasının hesabatında yazılanların azlığı məni təəccübləndirir. İllər uzunu auditdən kənarda qalan sahə də auditə cəlb olunmalıdır. Hərbi hissələrdə əsgərlərin qidalarının mənimsənilməsinin qarşısının alınması üçn auditin aparılması da vacibdir. Mən millət vəkillərini Hesablama Palatasının hesabatına laqeyd yanaşmamağa çağırıram", - o deyib.

Millət vəkili Elmira Axundova kənd məktəblərinin çoxunda istilik sisteminin qurulması üçün vəsait ayrıldığını, lakin istilik sistemlərinin işləmədiyini bildirib. O, Hesabat Palatasının bu məsələləri diqqət mərkəzində saxlamasını istəyib.

Millət vəkili İlyas İsmayılov Hesablama Palatasının sədri Heydər Əsədovdan büdcə vəsaitinin düzgün istifadə edilməməsi ilə bağlı vəzifəli şəxsin məhkəmə məsuliyyətinə cəlb edilməsi ilə maraqlanıb.

Milli vəkili Vahid Əhmədov hesabatın səsə qoyularaq qəbul edilməsini təklif edib.

Deputat Fazil Mustafa Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini yüksək dəyərləndirib. "Ancaq 3 min nəfərdən çox insanın mülkiyyət hüququ pozulub, kəmər onların torpaq mülkiyyətindən keçdiyi halda onlara kompensasiya verilmir. Hələ də onların şikayət məktubları gəlir", - Mustafa deyib.

O, vergi probleminin də ciddi xarakter aldığını vurğulayıb. "Bakıda hara baxsaq, obyektlərin icarəyə verildiyini görürük. Çünki müxtəlif yollarla vergi əməkdaşları tərəfindən incidilirlər. Biz yeni iş yerlərinin açılmasına çalışmalıyıq, bağlanmasına yox", - o deyib.

Fazil Mustafa bu gün bankların böyük hissəsinin ağır durumda olduğunu da dilə gətirib. "Biz bu kimi məsələlərin diqqət mərkəzində saxlanlmasına çaışmalıyıq", - millət vəkili qeyd edib.

Vitse-spiker Bahar Muradova isə millət vəkillərinin hesabata layqed olmadığını bildirib. "Sadəcə, millət vəkillərinin Hesablama Palatasına böyük inamı var", - o deyib.

Deputat Siyavuş Novruzov Hesablama Palatasının məqsədinin büdcə vəsaitlərinin bərpasına çalışmaq olduğunu söyləyib.

Millət vəkillərinin çıxışlarına münasibət bildirən Heydər Əsədov deyib ki, qaldırılan məsələlərin əksəriyyəti diqqətdədir. O, həmçinin deputat Çingiz Qənizadəyə cavab olaraq deyib ki, "Azərenerji" ASC-nin fəaliyyətində Baş Prokurorluğa müraciət edəcək qədər noqsan yoxdur.

"Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Siz özünüz də hüquqşünassınız və bilirsiniz ki, vəsaitin gecikdirilməsində cinayət tərkibi yoxdur", - o əlavə edib.

Sonda hesabat səsə qoyularaq qəbul olunub.

Xəbər lenti

Xəbər lenti