...

Mətbuat Şurasında jurnalist, şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Mətbuat Şurasında cəmi 34 il ömür sürmüş istedadlı jurnalist, şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, şair-publisist Həzi Həsənlinin "Uğur" nəşriyyatında çap olunmuş "İşıq əlifbası" kitabının təqdimatı konkekstində keçirilən mərasimə mərhum sənətkarın qələm dostları, yaxınları, tələbə yoldaşları və ölkə KİV-lərinin təmsilçiləri toplaşıblar.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O bildirib ki, Mətbuat Şurası dünyasını dəyişmiş tanınmış jurnalistlərimizin anım günlərinin keçirməsini ənənəyə çevirib.

"İstedadlı qələm sahibi Mursaqulovun xatirə işığına toplaşmağımız da bu ənənənin davamından irəli gəlir. Həzi Həsənlinin "İşıq əlifbası" kitabı bizi 25-30 il əvvələ qaytarıb. O, həqiqətən işıqlı adam idi. Kitabda onunla təmaslarımla əlaqədar fikirlər də yer alıb. Dəyərli jurnalist, şair, publisist, araşdırmaçı, ədəbiyyatşünas idi. Cavan yaşında ətrafına kifayət qədər insanları toplaya bilmişdi", - deyən Amaşov müəllifin və dostlarının "İşıq əlifbası"nı ərsəyə gətirməklə böyük xeyirxahlığa imza atdıqlarını vurğulayıb.

Sonra kitaba ön sözü yazmış "Xalq qəzeti"nin şöbə müdiri, filologiya elmləri namizədi İlham Abbasov çıxış edib. Abbasov çıxışında Mursaqulovu dostluq və ünsiyyət məktəbi, fenomen yaddaşa malik doğma adam adlandırdı.

"Xalq qəzeti"nin baş redaktorunun müavini Tahir Aydınoğlu görmə qabiliyyətini itirmiş Fikrətin həsəd aparıla biləcək dərəcədə duyuma, həssaslığa malik olmasından danışıb. "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadə kitabın Fikrəti bir daha bizə xatırlatdığını söyləyib. Jurnalist Məsaim Abdullayev Bakı Dövlət Universitetində ondan 2 kurs yuxarıda oxumuş Mursaqulovun müəllimlər və tələbələr tərəfindən necə sevildiyinə dair misallar gətirib.

Şair Mahmud Vəli Fikrətin dərin yaddaşa malik olduğundan, klassiklərimizin poetik nümunələrini misra-misra əzbərdən söylədiyindən və istedadına xas qeyri-adiliyinin təfərrüatlarından söhbət açıb. Rəssam Şamxal Nəsiboğlu Mursaqulovla bağlı xatirələrini danışaraq onun portretinin yaranma tarixçəsindən danışıb.

"Bu insanı görməsəm də imzasını yaxşı xatırlayıram. Kitabda dolğun obrazı yaradılıb. Az ömürlü insanlar çoxdur. Lakin heç də hamısı Fikrət kimi xatirələrdə qalmayıb", - Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu mərasimə toplaşanların Fikrətin ruhu ilə bağlı insanlar olduğunu deyib, onun barəsində xatirələrini dilə gətirib.

Mərhumun sinif yoldaşı Mais Muradov, Korlar Cəmiyyəti nəşriyyatının işçisi Famil Hacısoy, "Respublika" qəzetinin əməkdaşı Nəriman Cavadov, həmçinin sənətkarın yaxın dostu Givi Paçxataşvili və jurnalist Gülnaz Əliyeva ("Azərbaycan dəmiryolçusu" qəzeti) Fikrətin gənc nəslə örnək ola biləcək insani keyfiyyətlərindən söhbət açıblar. Tanınmış jurnalist Eyvaz Borçalı Mursaqulovun bu xüsusiyyətlərinin soykökündən qaynaqlandığını bildirib: "Fikrət böyük ənənələrə malik bir nəslin nümayəndəsi idi. Ötən əsrin əvvəllərində yaşamış Alay bəy Mursaqulovu Rusiyada da yaxşı tanıyırdılar".

Sonda əsərin müəllifi Həzi Həsənliyə söz verilib. O, iştirakçılar adından belə bir tədbirin təşkilinə görə Mətbuat Şurasına təşəkkürlərini bildirib. Sözünü əsərdə dediyini dilə gətirən müəllif onlara "İşıq əlifbası" ilə yaxından tanışlığın həm də Fikrət ruhuna yeni ehtiram nümunəsi olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti