...

MTRŞ hazırda telekanallarda yayımlanan əcnəbi serialların davam etdirilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 10 Aprel 2012 14:19 (UTC +04:00)
Milli Televizya və Radio Şurası (MTRŞ) mayın 1-dən hazırda telekanallarda yayımının əcnəbi teleserialların yayımının dayandırılıb-dayandırılmayacağı məsələsinə aydınlıq gətirib.
MTRŞ hazırda telekanallarda yayımlanan əcnəbi serialların davam etdirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Televizya və Radio Şurası (MTRŞ) mayın 1-dən hazırda telekanallarda yayımlanan əcnəbi teleserialların yayımının dayandırılıb-dayandırılmayacağı məsələsinə aydınlıq gətirib.

Şura sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında deyib ki, mayın 1-dən əcnəbi teleserialların yayımı birmənalı şəkildə dayandırılacaq.

Onun sözlərinə görə, bəzən bununla bağlı lazımsız fikirlər, səs-küy, şayiələr ortaya atılır ki, guya bu məsələ uzanacaq.

"Əslində elə deyil. O teleseriallar ki, yeni başlayıb, o, kanalların öz işidi. Kanallar ona cavabdehlik daşıyırlar. Bir az gözləyək, may ayının 1-dən hər şeyi özünüz görəcəksiniz", - Məhərrəmli deyib.

O qeyd edib ki, MTRŞ Azərbaycanın efir məkanında Azərbaycan milli seriallarının yayımını stimullaşdırmağa çalışır.

"Bu ciddi bir məsələdir. Bəzən bununla bağlı deyirlər ki, televiziya kanallarının yaradıcılıq işlərinə qarışılır. Proqram siyasətinə qarışılır. Əksinə, belə deyil. MTRŞ teleradio yayımı ilə bağlı dövlət siyasətini müəyyənləşdirən bir orqandır. Azərbaycanda milli televiziya seriallarının yayımını stimullaşdırmaq üçün biz belə bir addım atmışıq və hesab edirəm ki, bu, düzgün bir addımdır", - Məhərrəmli deyib.

Şura sədri vurğulayıb ki, bu teleserialların çəkilməsi 10-15 ilin işidir, ancaq Azərbaycanda yerli telekanallar xeyli seriallar çəkiblər artıq.

"Burada hər hansı bir problemin olacağını düşünmürəm. Bilirsiniz ki, dövlət də müəyyən qədər yardım edir. Əvvəllər hər bir televiziya kanalına 300 min manat verildi, indi də hər birinə 500 min manat veriləcək. Hər bir televiziya kanalına 800 min manat pul verilir. Bu təqribən 1 milyon dollar təşkil edir. Yəni bu o qədər də az vəsait deyil. Təbii ki, televiziya kanalları da bundan irəli gələn məsələləri həll etməlidir, ona cavabdehlik daşıyırlar", - Məhərrəmli bildirib.

Teleserialların keyfiyyət məsələsinə toxunan Məhərrəmli deyib ki, bu barədə danışmağa meyilli insanlar çoxdur.

O, vurğulayıb ki, əlbəttə keyfiyyətə baxmaq lazımdır, keyfiyyət üçün düşünmək lazımdır, ancaq bu işə başlamaq lazımdır ki, keyfiyyət olsun.

"Əgər başlamasaq, keyfiyyət hardan olacaq? 10 il bundan qabaq Türkiyə və yaxud da Rusiya serialları belə idimi? Bu gün baxıb 10 il bundan qabağı da düşünsünlər, görsünlər necə idi. Biz də nə vaxtsa başlamalıyıq. Bu hazır məhsul deyil ki, gedib mağazadan alıb gətirib televiziyada göstərək. Yəni, bunu deyən adamlar fikirləşməlidirlər ki, nə deyirlər, nə üçün deyirlər", - Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu teleseriallar ona görə çəkilir ki, Azərbaycanın yazıçılarının, şairlərinin əsərləri, Azərbaycanın özünün maddi, mənəvi sərvətləri ekranlaşdırılaraq gələcək nəsillərə çatdırılsın.

Bəzi adamların əcnəbi teleseriallardan danışmasına təəssüfləndiyini deyən Şura sədri bildirib ki, türk seriallarına baxmaq üçün yetərincə imkanlar var, kənar antenalar vasitəsi ilə türk kanallarını izləyə bilərlər, istədikləri qədər də türk seriallarına baxa bilərlər.

"Kim istəyir rus kanallarına çıxış imkanları var. Biz bu məhdudiyyəti Azərbaycan televiziya kanalları üçün qoymuşuq. Biz hamıya seçim imkanları vermişik. Bəzən bununla bağlı yersiz hay-küy salanları mən başa düşə bilmirəm", - Məhərrəmli deyib.

Xəbər lenti

Xəbər lenti