...

Azay Quliyev: Venesiya Komissiyasının "QHT-lər haqqında" qanunla bağlı təkliflərini müzakirə etmək olar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Aprel 2012 14:50 (UTC +04:00)
"QHT-lər haqqında" qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının bir sıra mütərəqqi təkliflərini Azərbaycan nəzərə alacaq.
Azay Quliyev: Venesiya Komissiyasının "QHT-lər haqqında" qanunla bağlı təkliflərini müzakirə etmək olar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 11:15-də yayılıb)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

"QHT-lər haqqında" qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının təkliflərini müzakirə etmək olar. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

Quliyev deyib ki, qanun layihəsinin müzakirəsi üçün Venesiya Komissiyasının nümayəndələri aprelin 19-da Azərbaycana gələcəklər və aprelin 20-də Şurada müzakirələr aparılacaq.

Onun sözlərinə görə, Venesiya Komissiyasının bəzi təklifləri var ki, qeyri-dəqiq məlumatlara əsaslanır. Onların yanaşması hazırkı reallığı əks etdirmir.

Millət vəkili hesab edir ki, qanun layihəsinə qeydiyyatın sadələşdirilməsi və bütövlükdə geniş arealda - tək paytaxtda deyil, regionlarda da aparılması ilə bağlı əlavə və dəyişiklik edilməlidir. Həmçinin QHT-lərin qeydiyyatı üçün konkret vaxtın qoyulması məsələsi də müzakirə olunmalıdır. Deputatın fikrincə, maksimum 30 gün ərzində QHT-lərin qeydiyyat prosesi tam başa çatdırılmalıdır.

Quliyevin sözlərinə görə, Azərbaycanda həyata keçirilən siyasət ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, QHT-lər inkişaf etsin, güclənsin, onların inkişafında hər hansı bir maneə qalmasın, qanunvericilik davamlı şəkildə təkmilləşsin. "Bizim siyasətimiz kifayət qədər şəffaf, aydındır və vətəndaş cəmiyyətini dəstəkləməyə yönəlib, hansısa texniki problemlər varsa, onlar da təkmilləşdirilməsinə ehtiyac olan müəyyən sahələrdir", - Şura sədri deyib.

Qeyd edək ki, Venesiya Komissiyası Azərbaycan Respublikasının "QHT-lər haqqında" qanun layihəsi ilə bağlı rəyini təqdim edəcək. Trend Komissiyanın rəsmi saytına istinadən xəbər verir ki, Venesiya Komissiyası və "QHT haqqında" qanun layihəsi üzrə Ekspert Şurası tərəfindən hazırlanan rəyi təqdim etmək üçün aprelin 19-20-də konfrans təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti