...

ANAMA Ceyrançöl ərazisinin minalardan təmizlənməsinə başlayıb

Cəmiyyət Materials 7 May 2012 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin açılış mərasimi keçiriləcək.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisinin 64 kvadrat kilometrlik hissəsini partlamamış hərbi sursatlardan (PHS) və minalardan təmizlənməsinə dair layihənin hazırlanması ilə əlaqədar bu quruma müraciət edib.

1955-1991-ci illərdə keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmiş həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradır.

2009-cu ildə aparılmış tədqiqat zamanı çoxlu sayda partlamamış tank mərmisi və müxtəlif kalibrli artilleriya mərmisi, havadan atılmış bombalar və digər növ PHS aşkar edilib. Onların əksəriyyəti partlamayıb və təhlükəli vəziyyətdə qalır.

Oktyabrın 4-də Ceyrançöl Təmizləmə Layihəsi NATO tərəfindən rəsmən təsdiq olunub.

Birinci mərhələdə ilkin olaraq hər biri 14 ayı əhatə edən 2 hissədən ibarət layihə çərçivəsində Azərbaycanın şimal-qərbində yerləşən Ceyrançöl adlı ərazidəki keçmiş Sovet ordusunun təlim ərazisinin qərb hissəsində olan 19 kv km sahə PHS və minalardan təmizlənəcək.

28 aylıq layihənin dəyəri 3 milyon 90 min avro məbləğində müəyyənləşdirilib.

Layihədə Azərbaycan hökumətinin maliyyə dəstəyi 50 faiz təşkil edir. ABŞ layihənin həyata keçirilməsində aparıcı ölkə funksiyasını öz öhdəsinə götürüb və layihəyə maliyyə dəstəyi ayırıb.

Eyni zamanda Böyük Britaniya da layihəyə donor ölkə kimi qatılıb.

Qeyd olunan layihə çərçivəsində təmizləmə əməliyyatları bu il aprelin 3-də başlayıb və indiyəcən 400,403 kvm ərazi təmizlənib, 70 mina və PHS tapılıb.

Açılış mərasimi mayın 9-da Ağstafa rayonu, Ceyrançöl Regional Bazasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti