Azərbaycan, Bakı, 13 may /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyində təşkil olunmuş mərasimdə İran rəsmiləri, diplomatik korpusun rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Müəssisə və təşkilatlardan gətirilmiş rəngarəng gül çələngləri Heydər Əliyevin büstü qarşısına düzülmüş, səfirlik adından əklil qoyulmuşdur.
Trend-ə səfirlikdən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyində təşkil olunmuş mərasimdə İran rəsmiləri, diplomatik korpusun rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Müəssisə və təşkilatlardan gətirilmiş rəngarəng gül çələngləri Heydər Əliyevin büstü qarşısına düzülmüş, səfirlik adından əklil qoyulmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə sənədli filim nümayiş etdirilmişdir.
Mərasimi giriş sözü ilə açan səfir Cavanşir Axundov ulu öndərimizin xilaskarlıq missiyasından bəhs edərək dahi şəxsiyyət Heydər Əliyevin tarixi missiyasından və əldə etdiyi nailiyyətlərdən danışmışdır. Ulu öndərimizin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran C.Axundov demişdir ki, indi Azərbaycanın sosial-iqtisadi həyatında, beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsində yeni bir mərhələ açılmışdır. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən nəsillərə qalan ən dəyərli əmanətdir. Azərbaycan xalqı bu əmanəti göz bəbəyi kimi qoruyur.
Tehran Universitetinin professoru Bəhram Əmirəhmədiyan və Cavad Purqulinin həmmüəllifliyi ilə fars dilində nəşr olunmuş "Azərbaycan Respublikası ilə tanışlıq: İqtisadi və ticarət göstəriciləri" kitabını iştirakçılara təqdim edən səfir qeyd etmişdir ki, bu nəşrdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının uğurlu nəticələri əksini tapmışdır.
Səfirliyin birinci katibi Kənan Nəzərov kitab haqqında ümumi məlumat vermişdir: Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyasının real nəticələrindən bəhs edən kitab 339 səhifədən ibarətdir. Statistik göstəricilər və məntiqi mülahizələrlə əsaslandırılır ki, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilən Azərbaycanın sosial-iqtisadi inkişaf siyasəti dünya üçün yeni bir iqtisadi modeldir. Elmi əsaslara söykənən bu model Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmiş, əhalinin rifahı və pul gəlirləri əhəmiyyətli dərəcədə artmış, ölkənin beynəlxalq aləmdəki mövqeləri güclənmiş, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Kitabda xüsusi olaraq qeyd olunmuşdur ki, indi Azərbaycan dünyada təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də elmi potensialı, intellektual insan resursları, böyük sərmayəsi, sənaye və ərzaq məhsulları ilə tanınmaqdadır.
Qırğızıstan Respublikasının İrandakı səfiri Mədədxan Şermkulov, İranın Azərbaycandakı keçmiş səfirləri Əhəd Qəzayi və Əlirza Biqdeli ümummilli lider Heydər Əliyev haqqında xoş xatirələrini bölüşmüşlər. Natiqlər xüsusi olaraq qeyd etmişlər ki, sülh və sabitlik, tərəqqi və inkişaf, xalqların dostluğuna və insanların rifahına nail olmaq Heydər Əliyevin həyat amalı olmuşdur. O, heç bir halda bu prinsiplərindən geri çəkilməmişdir. Heydər Əliyev özünün xilaskarlıq missiyası, haqq və ədalət uğrunda mübarizliyi, siyasi prosesləri qabaqlaması, ədalətli qərarları və s. cəhətləri ilə tarixi şəxsiyyət, unikal fenomen olduğunu təsdiqləmişdir.