...

Konstitusiya Məhkəməsi ümumi məhkəmələrlə inzibati-iqtisadi məhkəmələr arasındakı aidiyyətlə bağlı problemə son qoyub

Cəmiyyət Materials 30 May 2012 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurlarının hərəkət və qararlarından şikayətlərə baxılmasının məhkəmə aidiyyəti ilə bağlı problemə son qoyub.

KM-dən Trend-ə bildirilib ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə "İcra haqqında" qanunun 87.2-ci, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsi ilə bağlı məhkəmələrin müraciətinə baxaraq qərar qəbul edib.

Qeyd edək ki, bu barədə müraciətlərə inzibati-iqtisadi məhkəmələrdə, yoxsa ümumi yurisdiksiyalı rayon, şəhər məhkəmələrində baxılması ilə bağlı fikir ayrılığı yaranmışdı.

Qeyd olunan məsələ ilə bağlı məhkəmə aidiyyətinin qəti müəyyən edilməsinə ehtiyac olduğunu nəzərə alaraq, Binəqədi rayon məhkəməsi mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsindən ötrü Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-in qəbul etdiyi qərara görə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

KM-in qərarına görə, "İcra haqqında" qanunun 87.2-ci maddəsinin "icra məmurunun olduğu yerin məhkəməsi" müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

KM "İcra haqqında" qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilməsini Milli Məclisə tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti